"Ana- müqəddəslik zirvəsi" YENİLƏNİB-FOTO

"Ana- müqəddəslik zirvəsi" YENİLƏNİB-FOTO

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə komitənin sədri Hicran Hüseynova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, millət vəkili Məlahət İbrahimqızı və başqa rəsmilər iştirak edib.

İlk olaraq akademik Zərifə Əliyevanın həyat və yaradıcılığını özündə əks etdirən video- çarx nümayiş olunub.

Tədbiri açıq élan edən komitə sədri H. Hüseynova bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var: "O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. O, yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib".

Daha sonra Bahar Muradova çıxışında qeyd edib ki, Z. Əliyevanın həkim etikası və tibbi deontologiya məsələləri həmişə insanı düşündürüb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf edib. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım heç vaxt gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışıb. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsulliyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanıb".

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu, tibb elminə verdiyi töhfələr barədə söhbət açıblar. Bildirilib ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində doğulan Zərifə xanım Ulu öndər Heydər Əliyevə mənəvi dayaq və arxa olub.

Məlumat üçün bildirək ki, Komitə hər il akademik Zərifə Əliyevanın doğum günü münasibəti ilə respublikanın bütün şəhər və rayonlarının uşaqları arasında "Ana- müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsi keçirir. Bununla əlaqədar olaraq bu il Komitə YAP Qadınlar Şurası ilə birgə daha geniş miqyasda təntənəli tədbir keçirəcək. Ötən illərdən fərqli olaraq builki yubiley tədbirində inşa yazıları ilə yanaşı, uşaqların yaradıcılıq işləri nümunələri də nümayiş olunub. Komitəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədi ilə qurum tərəfindən mütəxəssis və pedaqoqlardan ibarət münsiflər heyəti müəyyən edilib.

Qeyd edək ki, tədbirin sonunda komitənin təşkil etdiyi "Ana- müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə