Faruk Çelik: "İƏT-in Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir"

Faruk Çelik: "İƏT-in Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir"

"İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin ikinci iclasının Bakıda keçirilməsi təşkilat ölkələri üçün mühüm əhəmiyyət kəsb edir". SİA-nın xəbərinə görə, bunu Türkiyənin əmək və sosial müdafiəsi naziri Faruk Çelik jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, son illər dünya ölkələrində müşahidə olunan iqtisadi böhran islam ölkələrində də öz mənfi təsirlərini göstərir. Nazirin sözlərinə görə, iqtisadi böhran nəticəsində islam ölkələrində ən çox işsizlik, təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasında ciddi problemlər yaranıb: "Bundan əlavə, iqtisadi böhran təşkilata üzv ölkələrdə təlim-tədrislə bazar iqtisadiyyatı arasındakı əlaqələrdə, əmək bazarının müasir tələblərə uyğun formalaşmasında müəyyən problemlərə səbəb olub. Bu problemlərin qarşısını almaq üçün iki il öncə İstanbulda başlayan əmək nazirlərinin konfransının Bakıda uğurla davam etdirilməsindən böyük qürur duyuruq. İnanırıq ki, bu toplantı nəticə etibarı ilə çox önəmli olacaq və növbəti iki il ərzində, yəni 2015-ci ildə İndoneziyada keçiriləcək əmək nazirlərinin III iclasına kimi Azərbaycanın sədrliyi ilə mövcud problemlərin həlli istiqamətində müəyyən uğurlar əldə olunacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə