Bakıda İƏT üzv ölkələrin əmək nazirlərinin iclası öz işinə başlayıb

Bakıda İƏT üzv ölkələrin əmək nazirlərinin iclası öz işinə başlayıb

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iki gün davam edəcək konfransda dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirlərinin iştirak edir. Konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq, əmək potensialının yüksəltmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını artırmaqdır.

Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, əmək nazirlərinin birinci iclasından sonra islam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülür, bununla yanaşı iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülüb: "Buna baxmayaraq, maliyyə və iqtisadi böhran islam ölkələrinə də mənfi təsir edib. Bunun nəticəsində 5 il öncə işsizlik rekord hədə çatıb. İslam ölkələrində 200 milyon insan işsiz qalıb və bu say sonralarda get-gedə artıb. 15% işsiz qalan gənclərin göstəricisi 20%-ə qalxıb. Bu da ölkədəki gənclərə mənfi təsir edib və ərəb ölkələrində inqilabların baş verməsinə əsas təkan verib. İşsizliyin qarşısını almaq üçün layihələrin həyata keçirilməsi, ölkələrdə inqilabi hərəkətlərə qarşı əsas mübarizə üsuluna çevrilib. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosial və iqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir".

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə tədbirin gündəliyi və əhəmiyyəti barədə qonaqlara məlumat verib.

Qeyd edək ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin yekunu olaraq əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə