Bəzi mətbu orqanlarda "Qəbiristanlıq ərazisində dəfinə axtarışı" sərlövhəli yazıda Lənkəran şəhərində və rayon ərazisində aparılan quruculuq-abadlıq işləri yanlış mövqedən qiymətləndirilərək Liman şəhəri ərazisində müəyyən olunmuş bəzi nöqsanlar şişirdilərək bütün rayona aid edilib, ictimaiyyətə yanlış rəy formalaşdırmağa hesablanıb. Bu sətirlər SİA-ya Lənkəran Şəhər İcra Hakimiyyətindən göndərilən məlumatdandır.
Məlumatda qeyd olunur ki, ayrı-ayrı vətəndaşlar tərəfindən Liman şəhərində baxımsız əraziyə atılmış müxtəlif məişət tullantılarına görə yazı müəllifləri rayon ərazisində görülmüş irimiqyaslı işləri abadlıq və quruculuq hesab etmirlər. Şəhər küçələrində, magistral yollar boyunca hörülmüş milli ornamentli istinad divarları, yeni qurulmuş səkilər, müasir küçə işıqlandırıcıları, yeni salınan park və bağlar, yaşıllıq zolaqları, mənzərəli yol guşələri, çoxmərtəbəli yaşayış evlərinin damlarının və fasadlarının əsaslı təmiri, yeni məktəblərin, qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni yaşayış evinin tikintisi, mərkəzi rayon xəstəxanasının əsaslı şəkildə yenidən qurulması, 10 minlərlə sakinin gündəlik istifadə etdiyi əsas daşıyıcı avtomobil yollarının təmiri və isti asfaltla örtülməsi, çətin təbii şəraitə malik dağ kəndlərinə gedən yolların bərpası, yeni körpülərin salınması, kütləvi şəkildə şəhərin və kənd və qəsəbələrin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, dünya standartları səviyyəsində yeni su-kanalizasiya sisteminin qurulması sosial-iqtisadi inkişaf deyil, bəs nədir? Məgər bunlar kosmetik işlərdir? Ən müasir avadanlıqlarla təchiz olunan 210 milyon dollarlıq su-kanalizasiya sistemi layihəsi məgər sıradan bir işdir? Cənab Prezident İlham Əliyevin respublikamızın hər yeri kimi Lənkərana da göstərdiyi diqqət və qayğısı ilə görülən bu möhtəşəm işlərə layiqli qiymət verməyiniz yaxşı olmazdımı? Ya başınız Liman şəhərinin künc-bucaqlarında məişət tullantılarını axtarmağa qarışıb, ya da yuxarıda sadaladığımız - Lənkəran əhalisinin illərlə həsrətində olduğu və bu gün böyük sevinc hissi ilə qarşıladığı bu möhtəşəm işlərin əsil dəyərini qiymətləndirə bilmirsiniz.
O ki, qaldı Liman şəhəri ərazisində zibilliklərin təmizlənməməsi və qanunsuz qum daşınmasının qarşısının alınmaması məsələsinə, diqqətinizə çatdırırıq ki, hər iki faktla bağlı müntəzəm olaraq iş aparılır. Zibilliklər vaxtaşırı ləğv olunur, aidiyyatı təşkilatlar və yerli bələdiyyə tərəfindən qanunsuz qum daşıyan vətəndaşlar barədə qanunamüvafiq tədbirlər görülür, maarifləndirici iş aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB