AMEA prezidenti səlahiyyətlərini icra edən akademik Akif Əlizadə 44 səslə Akademiyanın yeni prezidenti seçilib. Seçki AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında baş tutub. İclasda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib.
Akif Əlizadə 25 fevral 1934-cü ildə anadan olub. Orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.
Alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, tabaşir çöküntülərinin stratiqrafiyası, tabaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin tabaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda tabaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir. 1976-cı ildən AMEA Geologiya İnstitutunun direktorudur. AMEA prezidenti səlahiyyətlərini icra edənə qədər AMEA-nın vitse-prezidenti olub.
Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır.
2004-cü ildə "Şöhrət", 2008-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.
Akif Əlizadənin başlıca elmi maraq dairəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənilib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogençökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.
Alimin çoxillik tədqiqatları əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər işıqlandırılmışdır.
Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında öncüllük Ak.A.Əlizadəyə məxsusdur. Morfogenezin tarixi baxımdan tədqiqi, populyasiyaların dəyişmə tendensiyasının təyini, irsi morfoloji dəyişkənliklərin aşkar edilməsi alimə müxtəlif belemnoideya qrupların təkamülündə ümumi istiqaməti bərpa etməyə imkan vermişdir.
Ak.A.Əlizadə Qafqazın təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.
Hərtərəfli erudisiya sahibi kimi o, regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də eyni dərəcədə səlahiyyətlə həll edir. Son illər alimin fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir.
Elm dünyası A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı Ak.A.Əlizadənin də daxili qabıqlı mollyuskaların öyrənilməsində rolunu xüsusi qeyd edir ("Paleontologiyanın əsasları", M. "Nedra", 1990, səh. 101). Heç də təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – "Akifibelidlər" adlandırılmışdır (1984-cü il).
Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə (bir qrup müəlliflərlə) akademik A.Əlizadə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (1991-ci il). A.Əlizadə "Şərəf", "Şöhrət" ordenləri ilə təltif edilib, əməkdar elm xadimisdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB