Paytaxtın Füzuli küçəsində - "Qış bulvarı" kimi tanınan genişmiqyaslı tikinti meydanında küçənin genişləndirilməsi məqsədi ilə üçmərtəbəli tarixi binanın sürüşdürülməsi işi davam edir. SİA-nın verdiyi xəbərə görə, uzunluğu 52, eni 35, hündürlüyü 20 metr olan və 18 min ton ağırlığında,105 yaşlı binanın sürüşdürülməsi prosesi uğurla davam etməkdədir. Binanın sürüşdürülməsi üçün 210 ədəd xüsusi qurğu qurulub. Bina həmin qurğularla qaldırılaraq yeri dəyişdiriləcək. Bina artıq iş icraçısı "Bresser Eurasia" şirkəti tərəfindən 1.50 m geriyə çəkilib.
Qeyd edək ki, binanın sürüşdürülməsinə aprelin 20-dən başlanılıb.
Binanın köçürülməsi təxminən 5 gün davam edəcək. Bununla bağlı keçirilən mətbuat konfransında "Bresser Eurasia" şirkətinin sədri Leon Sveeger bildirib ki, həmin tikili şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır: "Bu dünya rekordu Azərbaycanda qeydə alınacaq və biz bununla fəxr edəcəyik".
"Bresser Eurasia" şirkətinin yaradıcısı Herman Bresser isə söyləyib ki, binaların köçürülməsi texnologiyasını "Bresser Eurasia" şirkəti özü yaradıb. Onun sözlərinə görə, şirkət 30 ildə Qərbi Avropada və digər ölkələrdə 35 binanın köçürülməsini həyata keçirib.
"Bresser Eurasia" şirkətinin sədri Leon Sveeger isə bildirib ki, Bakıda yeri dəyişdirilən bina şirkətin indiyədək köçürdüyü ən böyük və ən ağır binadır – uzunluğu 52 metr, eni 35 metr və hündürlüyü 20 metr olan binanın çəkisi 18 min tondur: "İndiyədək ən böyük və ən ağır binanı köçürürük. Bu dünya rekordu Azərbaycanda qeydə alınacaq və biz bununla fəxr edəcəyik".
H.Bresser bildirib ki, Füzuli küçəsindəki binanın köçürülməsində iki məqsəd var. Birincisi yolu genişləndirmək, ikincisi, bina gözəl olduğuna görə, onu qorumaq. Şirkətin texnologiyasının üstünlüyü ondadır ki, binanın hansı tarixdə tikintisindən asılı olmayaraq, əgər bina normal vəziyyətdədirsə, onu daşıya bilərlər.
Qeyd edək ki, Füzuli küçəsində yerləşən tarixi bina 1908-ci ildə tikilib və vaxtı ilə Bakının məşhur milyonçuları və mesenatları sayılan Hacınski qardaşlarına məxsus olub. Aprelin 18-də bina köçürülməyə hazır olacaq, yəni bütün hazırlıq işləri başa çatacaq.
H.Bresser bildirib ki, Bakıdakı abadlıq işləri baxımından bu binanın köçürülməsi nümunəvi bir iş olacaq. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğusu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılır və 9 hidravlik qurğu vasitəsilə lazım olan yerə çəkiləcək. Binanın köçürülməsi 5 gün davam edəcək. Bütün proses fasiləsiz olaraq videoya çəkiləcək və sonradan həmin videoyazı sürətləndiriləcək ki, binanın necə köçürüldüyü əyani göstərilsin.
Ən maraqlı məqamlardan bir odur ki, hazırlıq işləri elə bir dəqiqlik və ehtiyatla həyata keçirilib ki, hətta köçürülmə prosesi zamanı 8 ballıq zəlzələ olsa belə, binaya heç bir ziyan dəyməyəcək. "Biz 100% əminik ki, bu proses qaydasında olacaq. "Bresser Eurasia" şirkəti işin uğurlu olmasına hətta 1% şübhə edirsə, bu işə başlamır", - deyə H.Bresser bildirib.
Binanın yerinin dəyişdirilməsi – relokasiya prosesi MDB-də ilk dəfədir ki, həyata keçirilir. Bu işlər ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Hətta ötən ilin sonunda, dekabrın 29-da prezident İlham Əliyev hazırlıq işləri ilə tanış olmaq üçün işlərin aparıldığı yerə gəlib: "Hazırlıq işlərinin necə aparılması prezidentin özü üçün də maraqlı idi".
Binanın köçürülməsi ilə bağlı ortaya çıxan hər hansı xüsusi çətinliklərə gəlincə, şirkət nümayəndələri bildiriblər ki, binanın bünövrəsinin həddən artıq qalın – təqribən 10 metr olması onları təəccübləndirib: "Avropada binaların bünövrəsi belə olmur". Hazırlıq işləri çərçivəsində "Bresser Eurasia" şirkəti bünövrəni təzələyib və nəticədə bu bina yeni yerində daha yaxşı dayanacaq: "Əminliklə deyə bilərik ki, binanın bundan sonrakı ömrü indiyədək olandan uzun olacaq".
Şirkət öz təcrübəsini Azərbaycan mütəxəssisləri ilə də bölüşəcək. Şirkət rəhbərinin sözlərinə görə, "Bresser Eurasia" şirkəti özünün Azərbaycanda nümayəndəliyini açmaq və yerli mütəxəssislərə təlim keçməyi planlaşdırır. Artıq gələn həftə şirkət Azərbaycan Memarlar İttifaqı ilə görüş keçirib, əməkdaşlıq müqaviləsi imzalayacaq. Bu müqaviləyə əsasən, şirkət Memarlar İttifaqının məsləhətçisi olacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB