“Sənin səsin - sənin seçimin”

Göyçayda ilk dəfə səs verən gənclər üçün seminar keçirilib
“Sənin səsin - sənin seçimin”

"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Göyçay rayonunda "Sənin səsin - sənin seçimin" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə aprelin 24-də Göyçay Mədəniyyət Evində keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, "Sənin səsin-sənin seçimin" layihəsinin əsas məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə fəal iştirakına, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir.

Tədbirdə layihənin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, bu il ölkəmizdə mühüm siyasi kampaniya - Azərbaycan Respublikası Prezidentinin seçkiləridir. Ölkəmizdə 18 yaşına çatmış bütün vətəndaşların aktiv seçki hüququ vardır. Bu layihə seçkilərin praktiki-qanunvericilik aspektlərinin daha dərindən dərkinə, gənclərin maarifləndirilməsinə və eyni zamanda seçkilərdə daha fəal iştirakına imkan yaradacaqdır. Seminar zamanı seçkilərin məqsədi və rolu, seçki sistemləri, beynəlxalq təcrübə və Azərbaycan, seçki məcəlləsi Azərbaycanda ədalətli və demokratik seçkilərin təminatı kimi, seçki hüququ və onun təminatları, Azərbaycanda seçkilərin keçirilməsi prinsipləri, seçicilərin vəzifələri, Azərbaycan Respublikasının Prezidenti-Azərbaycan dövlətinin başçısıdır, seçki komissiyaları – seçkilərin təşkili və keçirilməsinin təminatıdır, seçkilər prosesində aşkarlıq, müşahidəçilik institutu, seçici siyahıları, seçki prosesi, vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət, səsvermə günü seçki hərəkətləri, səsvermə qaydası, səsvermə günü "exit poll"un keçirilməsi kimi mövzularda mühazirələr edilib.

Seminarda seçki maariflənməsi ilə bağlı hazırlanmış video çarx nümayiş etdirilib, seçki hərəkətləri ilə bağlı simulyasiya oyunları təşkil olunub. İlk dəfə səs verən gənclərə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən hazırlanan "Seçki təlimat jurnalı", "İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası" paylanılıb. Bundan əlavə layihə iştirakçılarına təsvirli köynəklər, bukletlər, cib təqvimləri də paylanıb.

Qeyd edək ki, layihə çərçivəsində açılmış "Sənin səsin-sənin seçimin" adlı facebook səhifəsi vasitəsilə də ilk dəfə səs verən gənclərin maarifləndirilməsi işi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın 30 rayonunda ilk dəfə səs verən gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə