2012-ci ildə AMEA-da 159 problem üzrə elmi tədqiqat işləri aparılıb
"2012-ci ildə AMEA-nın elmi müəssisələrində159 problem üzrə elmi tədqiqat işləri aparılıb və 150 mühüm elmi nəticə alınıb". SİA-nın xəbərinə görə, bunu AMEA-nın illik ümumi yığıncağında ötən ilki fəaliyyətə dair hesabat verən Akademiyanın akademik-katibi Vaqif Fərzəliyev deyib.
Onun sözlərinə görə, ölkə prezidenti həmişə olduğu kimi 2012-ci ildə də elm sahəsinə, alimlərə böyük diqqət və qayğı göstərib ki, bu da AMEA-nın fəaliyyətinə müsbət təsir edib: "2012-ci ildə AMEA 10 Dövlət Proqramının yerinə yetirilməsində iştirak edib. Hesabat ilində AMEA müəssisələri 93 elmi tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirib. Bu işlərin 48-nin tətbiqi başa çatıb, 73 iş isə hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilib, plandan əlavə 9 iş tətbiq olunub".
V. Fərzəliyev deyib ki, AMEA-nın tərkibi 152 - 52 həqiqi, 100 müxbir üzvdən ibarətdir. AMEA-nın elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9950 nəfərdir. Elmi işçilərin sayı 4686 nəfərdir ki, onlardan 535 nəfəri elmlər doktoru, 2042 nəfəri isə fəlsəfə doktorudur.
2012-ci ildə doktoranturaya 274 nəfər (126 əyani və 148 qiyabi) doktorant qəbul olunub. Hazırda doktorantların ümumi sayı 569 nəfərdir (300 əyani, 269 qiyabi). Onlardan 10 nəfəri xarici vətəndaşdır. 2012-ci ildə dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə 266 nəfər qəbul olunub. AMEA-nın 828 dissertantının 183 nəfəri xarici vətəndaşdır. 2012-ci ildə AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə edib.
2012-ci ildə büdcə xərcləri üzrə AMEA-ya 74 044 929 manat vəsait ayrılıb. İl ərzində elmin maddi-texniki bazasının yeniləşdirilməsi, AMEA işçilərinin əməkhaqqının artırılması və s. ilə əlaqədar dövlət büdcəsindən 6 391 859 manat əlavə vəsait ayrılıb. Beləliklə ümumilikdə, AMEA-ya dövlət büdcəsindən 80 446 788 min manat vəsait nəzərdə tutulub. 2012-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarının əsaslı təmiri və yenidənqurma işləri üçün mərkəzləşdirilmiş qaydada birbaşa maliyyələşdirmə ilə 24 429 900 manat və Prezidentin ehtiyat fondundan 12 000 000 manat vəsait ayrılıb.
AMEA-nın elmi müəssisə və təşkilatlarında 2012-ci il üçün 2 940 000 manat büdcədənkənar vəsait nəzərdə tutulub. Lakin faktiki olaraq 1 980 590 manat daxil olub. Bəzi təşkilatlar sifariş olunan və yerinə yetirilən işlərin pulunu köçürməyiblər. AMEA elmi müəssisə və təşkilatlarına 2012-ci ildə qrant vasitəsi ilə 6 330 768 manat məbləğində vəsait daxil olub. Ümumilikdə ötən il AMEA-ya müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olmuş vəsaitin ümumi məbləği 117 592 540 manat təşkil edib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB