"Çox mənzilli binaların idarə edilməsində iştirakçılıq: problemlər və tövsiyələr"
Bu gün "Çox mənzilli binaların idarə edilməsində iştirakçılıq: problemlər və tövsiyələr" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYB) sədri Azər Mehdiyev, İqtisadi İnkişaf Nazirliyinin mənzil komunnal siyasəti şöbəsinin müdir müavini Mikayıl Zeynalov, millət vəkili Vahid Əhmədov, Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri Əli Məsimli iştirak edib.
Konfransın açılışında çıxış edən Azər Mehdiyev deyib ki, konfrans İqtisadi Təşəbbüslərə yardım İctimai Birliyinin, Niderland xarici işlər nazirliyinin və Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Mənzil təsərrüfatı idarəciliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması" layihəsi çərçivəsində təşkil olunub: "7 aydır davam edən layihə mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənməsinə və bu sahədə vətəndaş iştirakçılığının artırılmasına yönəldilib".
İTYİB-nin eksperti, hüquqşünas Azad Talıbov mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri, kondominium mülkiyyəti və qanun layihəsinin perspektivləri barəsində məlumat verib. Bildirib ki, kondominium anlayışını açıqlayan normaya ehtiyac var; "Kondominium mülkiyyətinin anlayışının müəyyən edilməsi problemləri mövcuddur. Həmçinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və qeydiyyatı sahəsində qanunvericilikdə, MMMC-lərin fəaliyyətinin təşkili və idarə edilməsi sahəsində çatışmamazlıqlar var".
Tədbirdə iştirak edən millət vəkili Əli Məsimli yeni tikilən çoxmərtəbəli binaların kommunal sahəsində olan problemlərini diqqətə çatdırıb: "Yeni inşa olunan binalara təbii qazın verilməsində çətinliklər var. Vətəndaşlar ilin 6 ayını yeni tikilən binalardakı mənzillərdə keçirirsə, binaya qazın verilməməsinə görə, qalan 6 ay ərzində özünə yaşamağa sığınacaq axtarır".
Qeyd edək ki, digər tədbir iştirakçıları da çoxmənzilli binalarda lift təsərrüfatında və digər sahələrdə mövcud olan problemləri diqqətə çatdırıblar.
Konfrans müzakirələrlə davam edib.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB