Bişkekdə ulu öndərin 90 illik yubileyi qeyd edilib

Bişkekdə ulu öndərin 90 illik yubileyi qeyd edilib

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), "Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi, İssıkkuldakı "Xəzər" İctimai Birliyi, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının "Содружество" Cəmiyyəti paytaxtdakı Mərkəzi Kitabxana Sisteminin xətti ilə Çingiz Aytmatov adına kitabxanada ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı TDSDF-nin Ümummilli Lider haqqında nəşr etdiyi kitablardan ibarət sərgi keçirilib. Aprelin 23-də Mərkəzi Kitabxana Sisteminə daxil olan 28 kitabxananın hamısında eyni vaxtda belə sərginin açılışı olub.

Sərgini TDSDF-nin sədri Nüsrət Məmmədov açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar Fondun çap etdirdiyi kitablar haqqında məlumat verib. O deyib ki, Ulu Öndərin nurlu xatirəsi bütün türk dünyasında, o cümlədən Qırğızıstanda ehtiramla yad edilir.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov "Heydər Əliyev və kitab" mövzusunda çıxış edib. Səfir deyib ki, Ulu Öndər Azərbaycan folklorunu, dünya ədəbiyyatını yaxşı bilirdi. Ümummilli Lider qırğız xalqının ədəbiyyatına da yaxından bələd idi, böyük qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərini çox sevirdi və onunla dostluq edirdi. Diplomat "Heydər Əliyev və Azərbaycanın milli siyasəti" adlı kitabında bu böyük şəxsiyyət haqqında öz fikirlərini yazdığını, bu əsərin qırğız dilində də işıq üzü görəcəyini diqqətə çatdırıb.

Şair-tərcüməçi Mukan Asanaliev demişdir ki, Heydər Əliyev ancaq Azərbaycan xalqının deyil, bütün türkdilli xalqların ürəyində daim yaşayan siyasətçidir. Bu böyük insan dəfələrlə Qırğızıstanda olmuş, "Manas" dastanının yubileyində iştirak edib.

Mərkəzi Kitabxana Sisteminin direktoru Kulsayra Dandıbaeva, "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyinin sədri Çingiz Ələsgərov, Çingiz Aytmatov adına kitabxananın direktoru Marina Frolova və başqaları Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söhbət açıb, onun xatirəsinin qəlblərdə daim yaşayacağını qeyd ediblər.

Sərgidə nümayiş etdirilən kitablar arasında Qafar Əliyevin qazax, qırğız və rus dillərindəki "Müasir Azərbaycanın banisi, qurucusu və memarı", iki cilddə nəşr olunan "Dünya siyasətinin zirvəsini fəth edənlər" kitabları, "Prezident İlham Əliyev" üçcildliyi, Qırğızıstan Milli Elmlər Akademiyasının orqanı olan "Ədəbiyyat və incəsənət məsələləri" toplusunun iki nömrəsi və digər nəşrlər yer alıb.

Sərgi mayın 10-dək davam edəcəkdir.

Qulu Kəngərli

Bütün xəbərlər Facebook səhifəmizdə