Şəki Sərhəd Dəstəsində Ulu Öndərin 90 illik yubileyi qeyd olunub

Şəki Sərhəd Dəstəsində Ulu Öndərin 90 illik yubileyi qeyd olunub

Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsində ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov açaraq dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi çətin və şərəfli yola qısa nəzər salmış, Ulu Öndərin dövlətçiliyimizin qorunması, milli ordu quruculuğu sahəsindəki tarixi xidmətlərindən bəhs edib.

Konfransda "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı, ordu quruculuğunun banisidir", "Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır" mövzularında məruzələr dinlənilmiş, çıxışlar olub.

Qeyd olunub ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Çıxış edənlər Sərhəd Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, sərhəd məntəqələrin yaradılmasında, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, sərhədçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.

Bildirilib ki, Ulu Öndər Azərbaycanda milli sərhəd siyasətini formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib.

Çıxışlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuş, regionda lider dövlətə çevrilib.

Konfransın sonunda məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə