Heydər Əliyev Fondu Boqotadakı fondla əməkdaşlıq edəcək

Heydər Əliyev Fondu Boqotadakı fondla əməkdaşlıq edəcək

Aprelin 26-dan mayın 1-dək Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiyanın paytaxtı Boqota şəhərində səfərdə olacaqlar. Səfər çərçivəsində Heydər Əliyev Fondu ilə Boqotadakı Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu (UZQSSŞF) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Bundan əlavə, Heydər Əliyev Fondu Kolumbiyada hər il artmaqda olan uşaq və qadın zorakılığının qarşısının alınmasına yönəldilən layihələrin həyata keçirilməsinə yardım etmək məqsədi ilə UZQSSŞF-yə maliyyə dəstəyi də göstərəcək.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndələri Kolumbiyanın bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşəcək, Boqotada yaşayan uşaq və gənc qızların problemləri ilə tanış olacaqlar.

Səfərin üçüncü günü isə nümayəndə heyətinin Kolumbiya Senatının II konstitusional komitəsinin sədri xanım Alexandra Moreno ilə görüşü olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə Uşaq Zorakılığına Qarşı Sosial Sanksiya Şəbəkəsi Fondu arasında əməkdaşlıq ötən ilin iyulunda Alexandra Morenonun Azərbaycana səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə görüşündə müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə