Aprelin 23-də Tehranda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın işlənilməsi ilə bağlı Xüsusi İşçi Qrupunun 32-ci iclası işə başlayıb.
İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti təmsil edir.
Açılışında İranın xarici işlər naziri Əli Əkbər Salehinin iştirak etdiyi iclasda çıxış edən nazir müavini Xələf Xələfov 2010-cu il noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş zirvə görüşündə qəbul edilmiş protokol qərarının həyata keçirilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, Xəzərdə təhlükəsizliyin qorunması, ətraf mühitin mühafizəsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahil dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əməkdaşlıq regionun inkişafına və sərmayə mühitinin yaxşılaşdırılmasına yardım edir.
Nazir müavini, həmçinin nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə dair Azərbaycan tərəfinin mövqeyini bir daha iştirakçıların diqqətinə çatdırıb.
"Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişin qüvvəyə minməsinin Xəzəryanı ölkələrin dövlət qurumları arasında qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu bildirən nazir müavini qeyd edib ki, ikitərəfli və çoxtərəfli görüşlər Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşmasında vacib rol oynayır.
Səfər çərçivəsində nümayəndə heyətimizin ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
İclas aprelin 24-də işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB