Azay Quliyev: “Bu təşəbbüs Şərq Tərəfdaşlığı Proqramını zərbə altına qoya bilər”

Azay Quliyev: “Bu təşəbbüs Şərq Tərəfdaşlığı Proqramını zərbə altına qoya bilər”

Xəbər verildiyi kimi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun İdarə Heyətinin aprelin 4-5-də İrəvanda toplantısında beynəlxalq hüquq və normalara, ən əsası Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının prinsipləri ilə ziddiyyət təşkil edən qərar qəbul edilib. Qərara görə, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən QHT-lərin növbəti Forumda iştirakının təmin edilməsi üçün Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edib.

Təbii ki, bu qərar Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin fikirlərini öyrəndik.

Millət vəkili Azay Quliyevin qənaətinə görə, bu addımla Şərq Tərəfdaşlığı Proqramı öz mövcudluğunu sual altına qoyur. Belə bir qərar tərəflər arasında sülh yaratmaqdan çox, konfliktin daha da dərinləşməsinə rəvac verir. "Bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın, eləcə də Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazilər Gürcüstan və Moldovanın ayrılmaz tərkib hissələridilər. Bu kimi təşəbbüslər iştirakçı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Buna isə heç bir şərtlə yol verilə bilməz. Bu təşəbbüs Şərq Tərəfdaşlığı Proqramını zərbə altına qoya bilər."- deyən Azay Quliyev indiki situasiyada yalnız bir fikirin mövcud olduğunu bildirib: "Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən olan QHT-lər yalnız və yalnız Azərbaycan Milli Platforması tərkibində müzakirələrdə iştirak edə bilərlər. Onlara hər hansı müşahidəçi və ya hər hansı assosativ üzv statusu vermək kifayət qədər yanlışdır və buna biz tərəfdən imkan verilməyəcək".

"Bu qərarın icrasının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?" –sualını cavablandıran millət vəkili qeyd edib ki, "artıq Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Milli Platformanın üzvləri rəsmi şəkildə bu məsələyə etiraz ediblər. Əgər nəticə olmasa bu ilin may ayında Avronest PA-nın Brüsseldə keçirilməsi planlaşdırılan illik sessiyasında və komitə iclaslarında bu məsələ qaldırılacaq və ona müvafiq qərarın qəbul olunmasına çalışacağıq. Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının Şərq Tərəfdaşlıq proqramında qalıb –qalmamağı məsələsi də müzakirə oluna bilər. Ümid edirəm ki, bizim Gürcüstan və Moldovadan olan həmkarlarımız da bu məsələyə adekvat qiymət verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə