Aprelin 23-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. Şura iclasında "2013-cü ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr" müzakirə edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirib ki, 2013-cü ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilmiş siyasət nəticəsində cari ilin 3 ayında ölkə üzrə ümumdaxili məhsul 3,1 faiz, qeyri-neft sektoru 11,4 faiz, kənd təsərrüfatında 4,0 faiz artım qeydə alınıb.
İcra başçısı ölkəmizdə birinci rübdə əldə edilmiş nailiyyətlərin xalqla dövlətin vəhdətinin bariz nümunəsi olduğunu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən cəsarət və islahatlar yolu ilə həyata keçirildiyini xüsusi vurğulayıb.
Sonra gündəlikdə duran məsələ barədə ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun məruzəsi dinlənilib.
Məruzəçi bildirib ki, 2013-cü ilin birinci rübündə rayonumuzda da sosial-iqtisadi inkişaf artan templə davam edib. Rayonda bu müddətdə ümumi məhsul buraxılışı 29,6 faiz artaraq 53,7 milyon manat təşkil edib. Cari ilin birinci rübündə rayonda cəmi 645 yeni iş yeri açılıb ki, onlardan 529-u daimi iş yerləridir.
Məruzədə qeyd edilib ki, rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhər və rayonun küçələrinə, yol kənarlarında olan istinad divarları suvaqlanaraq emulsiyalanmış, bardürlər rənglənib. Ölkə başçısı cənab İlham Əliyevin 01 avqust 2012-cı il tarixli sərəncamına əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinə ayrılmış 5 milyon manat vəsait hesabına Heydər Əliyev Xatirə Parkında üzlük plitələr dəyişdirilib, yeni su və işıqlandırma sistemi quraşdırılıb, su ötürücü drenaj tikilib, yaşıllıq zolaqları salınıb, yeni gül kolları və dekorativ ağaclar əkilib. Parkda Ulu Öndərin abidəsinin ətrafı qranit üzlüklərlə işlənərək yenidən qurulub. Parkın ərazisində həmçinin "Botanika bağı" yaradılır. Burada yerli relyefə uyğun ağac və gül kolları əkilir. Park istifadəyə veriləndən sonra lənkəranlıların ən nümunəvi, ən sevimli istirahət yeri olacaqdır.
Şəhərin Şəhidlər Xiyabanı küçəsi tamamilə yenidən qurulub. Həmin küçədə, həmçinin Göyşaban dairəsindən Ləvəngi dairəsinə və Heydər Əliyev prospektinədək olan yolda, Heydər Əliyev prospektinin özündə küçə hasarlarının inşası və üzlük plitələrlə üzlənməsi, səkilərə yeni bardürlərin düzülüşü və tametlərin döşənməsi, müasir küçə işıqlandırıcıların quraşdırılması işləri başa çatdırılıb. Sutəmurdov kəndi ərazisində Olimpiya Idman Kompleksinə gedən yolda yeni səkilər tikilib, müasir işıqlandırıcılar quraşdırılıb. Lənkəran avtovağzalının yerləşdiyi ərazidə yeni yol dairəsi yaradılıb və dairədə postament üzərində saat quraşdırılıb. Rayonun giriş qapısı olan Qumbaşı kəndi ərazisində yol güşəsi və yaşıllıq zolağı salınıb, oradakı körpünün məhəccərləri rənglənib. Hazırda Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə mənzərəli təbiət güşəsi yardılır. Həzi Aslanov adına xatirə parkında yenidənqurma və təmir işləri aparılıb, ərazi müasir görkəm alıb. Abidənin postamenti və ətrafı daha keyfiyyətli mərmərlə örtülüb.
İ.Rəhimov daha sonra sənaye müəssisələrində, nəqliyyatda, rabitə, təhsil, səhiyyə və digər sahələrdə görülən işlər barədə məlumat verib.
Məruzə ətrafında müzakirələrdə çıxışlar olub. Onlar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda İcra başçısı Taleh Qaraşov iclası yekunlaşdıraraq Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinin respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək səviyyədə qeyd olunduğunu, müxtəlif silsilə tədbirlərin keçirildiyini bildirib, qarşıdan gələn növbəti prezident seçkilərinə hazırlıq məsələlərindən söz açıb, qarşıda duran mühüm vəzifələri bir daha diqqətə çatdırıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB