ABUC "Korrupsiyaya dair qanunvericlik bazası və onun korrupsiyaya qarşı mübarizədə yaratdığı imkanlar" mövzusunda dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, bu gün Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində dəyirmi masa keçirib.
Tədbirdə "Korrupsiyaya dair qanunvericlik bazası və onun korrupsiyaya qarşı mübarizədə yaratdığı imkanlar" mövzisi müzakirə edilib. Layihənin rəhbəri Elman Cəfərli korrupsiyanın cəmiyyətdə ayrı-ayrı sahələrin inkişafına mane olduğunu, sosial-iqtisadi islahatlara əngəl törətdiyini və mənəvi aşınmaya səbəb olduğunu bildirib. Onun sözlərinə görə, korrupsiya elə bir problemdir ki, onun qarşısını almaq bir sıra çətinliklər yaradır: "Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları nəzərə almadan bu və ya başqa məsələni hansısa bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır".
Layihə rəhbəri deyib ki, korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
Beynəlxalq aləmdə korrupsiyaya qarşı mübarizədən danışan hüquqşünas Alim Hüseynli bildirib ki, qarşısına korrupsiya cinayətlərinin aradan qaldırılması məqsədi qoymuş ölkələr bu sahədə əməkdaşlığa üstünlük verirlər. Məhz bu məqsədlə dövlətlər beynəlxalq sazişlərə qoşularaq milli qanunvericiliklərini həmin sənədlərə uyğunlaşdırırlar. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi adımlar atılır. Bu məqsədlə qanunvericilik bazası yaradılıb, dövlət proqramları qəbul edilib, korrupsiyaya qarşı mübarizə məqsədilə ixtisaslaşmış qurumlar yaradılıb. Xüsusilə son vaxtlar həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini müsbət dəyərləndirmək olar. Belə ki, ölkədə vətəndaş- məmur münasibətlərinin minimuma endirilməsi məqsədilə "ASAN xidmət", "Elektron hökumət" layihələri həyata keçirilir. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də ölkədə korrupsiya hüquqpozmaları müşahidə olunmaqdadır. Hüquqşünasın sözlərinə görə, korrupsiya hüquqpozmaları daha çox yerli icra strukturları, yerli özünüidarə və hüquq mühafizə orqanlarında qeydə alınır ki, bunun da bir sıra obyektiv və subyektiv səbələri var. Ümumilikdə korrupsiyaya qarşı mübarizəyə cəmiyyətin bütün təbəqələri cəlb edilməlidir. Bu məsələdə vətəndaş cəmiyyətləri və medianın rolu xüsusi əhəmiyyət kəsb edir.
İnsan Hüquqları və Maarifçilik İctimai Birlyinin sədri Rəfail Becanov korrupsiyanı yaradan səbəblərdən və problemin həlli yollarından danışıb. Bildirib ki, korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirləri və medianın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı öndə dayanmalıdır. Bu sahədə təbii ki, medianın rolu danılmazdır: "Maarifləndirmə tədbirləri media vasitəsilə həyata keçirilməlidir. Korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün ictimaiyyətin maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməli, digər ölkələrin təcrübəsindən istifadə olunmalı, beynəlxalq təşəbbüslərdə iştirak edilməli, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, özəl sektor, kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla əməkdaşlıq edilməlidir. Korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi aparılmalı, vətəndaş cəmiyyəti institutları, özəl sektorun və kütləvi informasiya vasitələri maarifləndirmə işinə cəlb olunmalıdır. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bununla bağlı dövlət orqanlarının vəzifə və səlahiyyətləri qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipinə əsaslanaraq həyata keçirilməli, əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla, dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalı, dövlət orqanları öz fəaliyyətləri barədə dövri hesabatları və məlumatlan ictimaiyyətə təqdim etməlidir". Rəfail Becanov korrupsiyanın bütün cəmiyyətə mənfi təsir etdiyini, amma ondan daha çox orta təbəqənin əziyyət çəkdiyini bildirib.
XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildrib ki, QHT-in əsas vəzifəsi əhalinin maarifləndrimək olmalıdır. Onun fikrincə, uşaqları erkən yaşlarından rüşvətə yox tərbiyəsi ilə böyütmək lazımdır: "Uşaqlar bağça yaşlarından bilməlidir ki, rüşvət vermək də, almaq da cinayətdir. Amma təəssüf ki, bizim uşaqlar körpə yaşlarından rüşvətin nə olduğunu bilirlər".
Korrupsiyaya qarşı mübarizədə beynəlxalq praktikadan danışan Media və Mülki Cəmiyyət İctmai Birliyinin rəhbəri Xanoğlan Əhmədovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə iştimai nəzarət ən əhəmiyyətli üsullardan biridir. Hazırda Azərbaycanda da bu praktika tətbiq olunmaqdadır. Atrıq bir sıra dövlət orqanlarında ictimai şuralar yaradılıb ki, həmin qurumlarda da vətəndaş cəmiyyətləri təmsil olunur. Etiraf edilməlidir ki, bu qurumların fəaliyyəti korrupsiyaya qarşı mübarizədə müsbət nəticəsini verməkdədir: "Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq "İctimai iştirakçılıq haqqında" qanun layihəsi hazırlayıb. Müəllifi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri olan Azay Quliyev olan qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib".
Sonda Elman Cəfərli layihə çərçivəsində ictimai müzakirələrin davam etdiriləcəyini, əldə olunan faydalı təklif və tövsüyyələrin korrupsiya qarşı mübarizə aparan qurumlara göndəriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB