ADU-da Ümummili Lider Heydər Əliyev anılıb

ADU-da Ümummili Lider Heydər Əliyev anılıb

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummillil lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, Pedaqoji və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirdə Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işlər üzrə prorektor Ələddin Əliyev bildirib ki, dünya şöhrətli ictimai – siyasi xadim, Ümummilli lider Heydər Əliyevin 90 illik ömrü tariximizə qızıl hərflərlə həkk olunub, dünya tarixində layiqli yer tutub, nadir şəxsiyyətlər cərgəsində dayanıb. Prorektor qeyd edib ki, Heydər Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir çox işlər görüb.

"Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda təqdimatla çıxış edən Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev bildirib ki, Ümummilli liderin zəngin həyatı həmişə təhsillə bağlı olub. Ə. Abdullayev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində təhsil dövlətin üstün inkişaf etdirilən prioritet sahəsinə çevrilib. Dekan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə gənclərin xaricdə təhsil almasına xüsus diqqət və qayğı göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ə. Abdullayev Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ideyalarını ləyaqətlə davam etdirərək təhsilimizin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirdiyini sözlərinə əlavə edib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyev isə Ümummilli liderin Azərbaycan gənclərinin dünyanın aparıcı ölkələrinə təhsil almağa göndərdiyindən və bu gənclərin bir çoxunun ölkəyə töhvə verdiyindən danışıb.

Fəlsəfə, Azərbaycan tarixi və sosial elmlər kafedrasının dosenti Qorxmaz Mustafayev də Ümummilli liderin təhsil sahəsində həyata keçirdiyi proqram və islahatlardan söz açıb. Dosent vurğulayıb ki, Heydər Əliyevin işləyib hazırladığı strategiya əsasında Azərbaycanın müstəqil milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialın formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə