Bu gün Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə birlikdə 3 il yarım ərzində həyata keçirdiyi kimsəsiz uşaqlar üçün "Himayədar Qayğı və Ailə Dəstəyi Xidmətləri" layihəsinin yekun hesabatına həsr edilən konfrans keçirilib. SİA-nın xəbərinə görə, layihə "Deinstitutlaşma və Alternativ Qayğı Xidmətləri, 2006-2015" Dövlət Proqramının icrasına dəstək olaraq həyata keçirilib.
Layihə Heydər Əliyev Fondunun təklifi ilə Xəzər rayonunda Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində Şüvəlan qəsəbəsində 10 nəfər kimsəsiz uşaqlar üçün yeni uşaq qayğı xidməti olan Kiçik qrup ev istifadəyə verilib. Mərdəkan qəsəbəsində isə ailə və uşaqlara psixoloji yardım göstərən, valideyn bacarıqları üzrə təlim verən Ailə Təlim və Məsləhət Mərkəzi açılıb.
Eyni zamanda Beynəlxalq Himayədar Qayğı Təşkilatının amerikalı ekspertlərinin dəstəyi ilə valideyn qayğısından mərhum olmuş uşaqlar üçün himayədar qayğı xidmətinin keyfiyyət standardları, mexanizmi və təlim proqramı hazırlanıb, qəbul edilməsi üçün Azərbaycan hökümətinə təqdim olunub.
Konfransda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç və Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle iştirak edib. Bununla yanaşı tədbirdə digər səfirliklərin, müvafiq nazirliklərin, dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri də iştirak edib.
Tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer - Kaybiç cıxış edərək Azərbaycanda belə bir layihənin reallaşmasının və müsbət nəticələr verməsinin önəmliliyindən danışıb: "Layihədə Avstriyanın bu sahədə əldə etdiyi praktikadan istifadə olunub. Ölkəmiz regionda bu kimi layihələrin reallaşmasında maraqlıdır, düşünürəm ki, kifayət qədər də uğur əldə edilib".
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Avropa İttifaqının vətəndaş cəmiyyətinə böyük önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, hər bir ölkə vətəndaşına layiqli qiyməti verməli və cəmiyyətə adaptasiya olunmasına şərait yaratmalıdır: "Lakin, bəzən dövlətin yetərincə göstərdiyi qayğı da cəmiyyətdən kənarda qalan insanlara çatmır. Bu zaman cəmiyyət artıq özü, uşaq və ya yaşlı olmasından asılı olmayaraq kimsəsiz insanlara yardım etməlidir. Bu layihənin həyata keçirilməsində Beynəlxalq Təşkilatlar və Azərbaycanın dövlət orqanları yaxından iştirak ediblər. Bu Prezident İlham Əliyevin 2011-ci ildə kimsəsiz uşaqlarla bağlı imzaladığı dövlət proqramı, dövlətin qayğıya ehtiyacı olan insanlara göstərdiyi diqqətin təcəssümüdür".
Layihənin ərsəyə gəlməsi və yekunlaşması nəticəsində bir sıra uğurların əldə olunduğunu diqqətə çatdıran təhsil nazirliyinin nümayəndəsi, De-istitutlaşma və uşaq müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva qeyd edib ki, kiçik qrup evlərinə göndərilən uşaqlar əvvəlcə cəmiyyət anlayışından uzaq olsalar da müəyyən müddət ərzində artıq onlar ailəyə sahib olublar: "Ümid edirəm ki, bu kiçik qrup evlərinin təşkili layihəsi mütəmadi olaraq davam edecek".
Qeyd edək ki, Hilfsverk Avstriya Beynəlxalq Təşkilatının dünyada müharibə və təbii fəlakətdən sonra yardım, eləcə də uzunmüddətli inkişaf layihələrində, proqramlarında böyük təcrübəsi var. Əsas fəaliyyət sahələri insanların rifahı, onların sağlamlığı və həyatda imkanlarının yaxşılaşdırılmasına dəstəkdir.
1978-ci ildən bəri sosial-iqtisadi və ekoloji sahələrdə layihələr həyata keçirən Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı 31 ölkədə fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və 2009-cu ildən isə Azərbaycanda Nümayəndəliyi fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB