Zərifə Əliyevanın 90 illik yubileyi Səbail rayonunun orta məktəblərində qeyd olunub FOTO

Zərifə Əliyevanın 90 illik yubileyi Səbail rayonunun orta məktəblərində qeyd olunub FOTO

Paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun aparıcı təhsil müəssisələrindən olan 6 saylı tam orta məktəbdə və 132-134 saylı Təhsil Kompleksində respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Məktəblərdə keçirilən tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, əməkdar müəllimlər Sara Xanlarova və Gülşən Orucova çıxış edərək Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti, həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, Azərbaycanımıza həsr olunmuş şer və mahnılar, bədii kompozisiyalarla çıxış edib, Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti ilə bağlı hazırlanmış referatlar dinlənilib.

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətinin rəsmilərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirlərdə məktəblilər tərəfindən hazırlanmış slaydlar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə