Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılışı olacaq
Polşanın Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsi inşa edilib.
SİA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa "Dostluq" abidəsinin açılış mərasimində iştirak edəcək.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində təşkil olunan tədbir aprelin 23-də gerçəkləşəcək. Mərasimdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti veriləcək.
Məlumatda deyilir ki, aprelin 22-də Varşavaya gələn nümayəndə heyəti qədim Qniezno şəhərinə yola düşüb. Nümayəndə heyətinə Əməkdar rəssam Əli İbadullayev, Əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət ustaları - Əməkdar artist Təyyar Bayramov, Arzu Əliyeva, Rövşən Qurbanov, Xəyyam Məmmədov və başqaları daxildir.
Azərbaycan-Polşa əlaqələrinin 540 illik tarixi vardır. XV əsrin sonlarına yaxın Ağqoyunlu ilə Reç Pospolita dövlətləri arasında məktublaşmalar aparılıb, qarşılıqlı səfərlər təşkil edilib. Bakı, Gəncə, Zaqatala və Quba şəhərlərində vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və digər tikililər bu gün də dövlət tərəfindən qorunub saxlanılmaqdadır.
"Dostluq" abidəsinin ümumi kompozisiyasına gəldikdə isə o, üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunmuşdur. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində ümummilli lider Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 metr, eni 1,7 metrdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qniezno şəhər rəhbərliyi və digər aidiyyəti qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB