Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Xidmət"i bundan sonra bölgələrdə də əhaliyə səyyar xidmət göstərə biləcək. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, İstanbulda iki avtobus alınaraq "ASAN Xidmət"in funksiyalarını mobil olaraq yerinə yetirmək üçün xüsusi avadanlıqla təchiz edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə aprelin 22-də avtobuslardan birinin təqdimatı və İstanbuldan Bakıya yola salınması ilə əlaqədar tanıtım yürüşü olub. Yürüşün keçirilməsində məqsəd həmin avtobusun İstanbuldan yola düşməsinin, ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi, eləcə də "ASAN Xidmət" ilə bağlı qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasıdır.
Tanıtım yürüşündən əvvəl "ASAN Xidmət"in səyyar avtobusunun təqdimatı olub.
Agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılmış "Mercedes" markalı avtobusun qoşqusu ilə birlikdə uzunluğu 21 metrdir. "ASAN Xidmət"in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi öz əksini tapıb. Bu baxımdan avtobus keyfiyyətli xidmətin göstərilməsi məqsədilə yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə yığılıb.
İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılmış günəş panelləri təmin edəcək. Avtobusun üzərində böyük monitor quraşdırılıb. Monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcək. Gələcəkdə bu avadanlıq vasitəsilə telekonfransların da keçirilməsi nəzərdə tutulub. Avtobusda "ASAN Xidmət"in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait var. Burada müasir havalandırma sistemi yaradılıb, növbə aparatı, kompyuterlər, postterminallar, bankomat və Azərbaycan Beynəlxalq Bankının filialı üçün yer nəzərdə tutulub. Vətəndaşlar bankomatdan yalnız "ASAN Xidmət"in işi ilə əlaqədar deyil, öz şəxsi ehtiyacları üçün də pul çıxara bilərlər. Bir sözlə, bir neçə dövlət orqanında həyata keçirilən xidmətlərin bir səyyar avtobusda göstərilməsi üçün mükəmməl sistem yaradılıb.
Səyyar xidmət avtobusunun hazırlanması zamanı ümumilikdə 7 kilometr uzunluğunda kabellərdən istifadə edilib. Avtobusda xüsusi çadır da var. Bu çadırda vətəndaşların yağışlı və ya günəşli havada növbə tutmaları daha rahat şəkildə təmin olunacaq. Bunun üçün çadırda oturacaqlar və masalar qoyulacaq. Avtobusun qoşqusunda isə "ASAN Xidmət" əməkdaşlarının istirahəti və qidalanmaları üçün yüksək şərait yaradılıb.
Səyyar avtobusda əsasən Daxili İşlər və Ədliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun xidmətləri göstəriləcək. Avtobusda hər qurumun xidməti üçün seyflər quraşdırılıb. Vətəndaşlar bu yeni mobil "ASAN mərkəzi"ndə hüquqi yardım və bank xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, avtobusda digər yardımçı xidmətlər də göstəriləcək.
Aprelin 22-də gecə saatlarında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə səyyar avtobusun İstanbulda tanıtım yürüşü başlanıb.
Monitorda Ulu Öndərin görüntülərinin nümayiş etdirildiyi tamamilə işıqlandırılmış və üzərində "ASAN Xidmət"in loqosunun əks olunduğu avtobus gecə boyu İstanbulun mərkəzi küçələrində yürüş keçirib. Dünyada ilk təcrübə olan bu xidmət növünün yeni səyyar avtobusu gecə saatlarına baxmayaraq, böyük marağa səbəb olub. Tanıtım yürüşündən sonra "ASAN Xidmət"in səyyar avtobusu Avropanı Asiya ilə birləşdirən Bosfor boğazı üzərindəki Fatih Sultan Mehmet körpüsündən keçərək öz missiyasını yerinə yetirmək üçün Azərbaycana üz tutub.
Avtobusun təqdimatı və tanıtım yürüşü ilə bağlı jurnalistlərə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin birinci müavini Rəşad Abbasov bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan "ASAN Xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən 25 növ hüquqi, 22 növ funksional yardımçı xidmətlər həyata keçirilir. Bu xidmətlərin səyyar formada da həyata keçirilməsi üçün müasir zəruri texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar rayonlarda olacaq. May ayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə səyyar avtobuslarla regionlarda "ASAN Xidmət"in tanıtım yürüşü keçiriləcək və bu yeni xidmət növü fəaliyyətə başlayacaq.
"ASAN Xidmət"in yaradılmasının Prezident İlham Əliyevin xalqımıza və dövlətimizə əvəzsiz xidmətinin göstəricisi olduğunu bildirən Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Nuru Quliyev AzərTAc-a müsahibəsində deyib ki, səyyar avtobusun hazırlanması prosesində "ASAN Xidmət" haqqında məlumat alan bir sıra türkiyəli vətəndaş bu ideyanı bəyənib və ölkələrində də belə bir xidmətin yaradılmasını məmnunluqla qarşılayacaqlarını qeyd etmişlər. "ASAN Xidmət"in iş prinsipinə uyğun təchiz edilmiş bu avtobusun yığılmasında və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tanıtım yürüşünün həyata keçirilməsində Azərbaycanın İstanbuldakı baş konsulluğu da lazımi kömək göstərib.
Xatırladaq ki, dünyada ilk belə təcrübə və təşəbbüs olan səyyar avtobus xidmətinin əsas ideyası dövlətin öz xidmətlərini vətəndaşlarının ünvanına çatdırmasıdır. Bu da ölkəmizdə insan inkişafı istiqamətində dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB