IDEA kampaniyası aksiya keçirib FOTO

IDEA kampaniyası aksiya keçirib FOTO

Təbiətin gözəlliyinə, ona qarşı qayğıya, ətraf mühitin qorunması məsələlərinə və ona vurulan zərərə qarşı insanların diqqətini cəlb etmək məqsədi ilə mütəmadi olaraq yerli və beynəlxalq layihələri həyata keçirən IDEA kampaniyası 22 aprel 2013-cü il tarixində qeyd olunan beynəlxalq "Yer Kürəsi Günü"nə həsr olunmuş aksiya keçirib. Kampaniyadan SİA-ya verilən məlumata görə, artıq 192 ölkədə qeyd olunan "Yer Kürəsi Günü" hər il dünyanın müxtəlif ölkələrində yaşayan 1 milyarda yaxın insanı birləşdirir. "Yer Kürəsi Günü"nü koordinasiya edən Earth Day Network hal-hazırda 22000-ə yaxın təşkilatlar ilə əməkdaşlıq edir.

"Earth Day Network" ilə rəsmi tərəfdaşlıq edən IDEA kampaniyası "Yer Kürəsi Günü"nün Azərbaycanda qeyd olunmasına dair tədbirlər həyata keçirtməkdədir. Belə ki, insanları xüsusən, gəncləri ətraf mühitin qorunması ilə bağlı məlumatlandırmaq məqsədi ilə IDEA kampaniyası "Earth Day Network" tərəfindən həyata keçirilən #faceofclimate "hashtag"-i altında qlobal foto-şəkil toplanmasında iştirak edir. Aksiya çərçivəsində IDEA kampaniyasının fəalları təbiətin gözəlliyi və ətraf mühitin çirklənməsini əks etdirən foto-şəkillər çəkmişdirlər. Foto-şəkillərin vasitəsi ilə gənclər həmçinin ətraf mühitin qorunmasına dair ismarıclarını da çatdırıb. 100-ə yaxın foto-şəkil "Earth Day Network" un rəsmi saytına yüklənmiş və sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, "Yer Kürəsi Günü" ilk dəfə 1970-ci ildə qeyd olunub. İlk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə ediblər. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur.

Qeyd edik ki, ətraf mühitin qorunması məsələləri ilə bağlı insanları məlumatlandırmaq məqsədi ilə bir sıra beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirən IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis olunub. IDEA kampaniyası təbiətin mühafizəsi işlərinə gənclərin marağını artırmağa və onların keçirilən tədbirlərdə fəal iştirakına xüsusi önəm verir.

Bütün xəbərlər Facebook səhifəmizdə