“Narkomanlığa yox deyək!”

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayonunu orta təhsil müəssisələrində keçirilən "Narkomanlığa yox deyək!" mövzusunda silsilə tədbirlər davam edir. SİA xəbər verir ki, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədilə keçirilən layihə rayon İcra Hakimiyyətinin Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası ilə "Siyasi maarifçilik" İctimai Birliyi tərəfindən icra olunur. Layihə çərçivəsində rayonun Bibiheybət qəsəbəsindəki 50 saylı, Badamdar qəsəbəsindəki 236 saylı, 20-ci sahədəki 51 və 162 saylı, Bayıl yaşayış sahəsindəki 203 saylı orta məktəblərdə artıq bu mövzusunda tədbirlər keçirilib.

Bu istiqamətdə növbəti tədbir Bayıl yaşayış sahəsindəki 49 saylı "İntellekt" liseydə təşkil olunub. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin və Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin məsul işçiləri ilə yanaşı, "Siyasi maarifçilik" İctimai Birliyinin üzvləri, liseyin müəllim və şagirdləri də iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində "Narkotiklərin fəsadları" mövzusunda təşkil olunmuş məktəblilərin rəsm sərgisi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə 49 saylı "İntellekt" liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədova açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya, onun fəsadları, məktəblilərin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı liseydə görülən işlər barədə məlumat verib.

Sonra məktəblilər qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova, "Siyasi maarifçilik" İctimai Birliyinin sədri Mehman İsmayılov narkomaniyanın ölkənin gələcəyi olan müasir gənclik üçün törətdiyi fəsadlardan, cəmiyyətmiz üçün təhlükəsi barədə məlumat veriblər.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının üzvləri ilə yanaşı, Rayon Polis İdarəsinin və "Siyasi maarifçilik" İctimai Birliyinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Tədbirlərdə rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb, uşaqlara narkomanlığa qarşı mübarizə ilə bağlı bukletlər paylanılıb.

Qeyd edək ki, rayonda narkomaniyanın fəsadları və zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində yeniyetmə və gənclərin maarifləndirilməsi tədbirləri il ərzində davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə