Bu gün Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında Nərimanov rayon Qadınlar Şurasının növbəti konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra ötən illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial- iqtisadi, intellektual- mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.
"Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Azərbaycanda keçirilən qadın siyasəti uğurlu nəticələr verməkdədir. Qadın və ailə problemlərinin həlli, dövlət həyatında onların yerinin düzgün müəyyənləşdirilməsi və cəmiyyətə verə biləcəyi töhfələr baxımından aparılan siyasət öz bəhrəsini verir. Bu gün qadınlarımız ötən illərə nisbətən daha çox cəmiyyət həyatında fəal rol oynayırlar", - deyə İ. Mirzəyev fikirlərinə əlavə edib.
Daha sonra icra başçısının müavini Nərimanov rayonunda dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Məlumat üçün bildirək ki, konfransda həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da iştirak edib. O da öz növbəsində qeyd edib ki, qadınlar elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzlarını ilbəil artırmağa müvəffəq olub.
Çıxışların sonunda Nərimanov rayonundan Azərbaycan Qadınlarının IV Qurultayına 29 nəfər seçilib.
Qeyd edək ki, konfransdan əvvəl tədbir iştirakçıları YAP Nərimanov rayon təşkilatında olan Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB