Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) təşkilatçılığı ilə "Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında İnsan hüquqlarının müdafiəsi məsələləri" mövzusunda seminar keçirilib. AHK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Hərbi Prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev seminarı giriş sözü ilə açaraq cinayət hüququ üzrə insan hüquqları ilə Avropa Məhkəməsinin təcrübəsinin öyrənilməsi prokurorluq orqanlarının əsas vəzifələrindən biri olduğunu bildirib, son illər Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat verib.
AHK-nın İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli və ABA CEELİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Robert Steere də çıxışlarında tədbirin vacibliyini bildiriblər. Millət vəkili Əli Hüseynli çıxışında respublikada insan hüquq və azadlıqlarının təmin edilməsilə bağlı həyata keçirilən ardıcıl və sistemli tədbirlərin əhəmiyyətindən danışaraq, bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçdiyini xüsusi qeyd edib.
Tədbirdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ", Avropa Şurası İşgəncələrə Qarşı Komitəsinin sədri, BDU Beynəlxalq hüquq kafedrasının müəllimi, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü, Hüquq elmləri doktoru Lətif Hüseynov "İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin standartları", Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Fərəc Sayılov "Cinayət Prosessual Qanunvericiliyinin tətbiq olunmasında İnsan hüquqlarının müdafiəsi məsələləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin President hüququ" mövzularında məruzələr ediblər.
Mövzularla bağlı fikir mübadiləsi və müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Seminar müzakirələrlə davam etdirilib. Həmçinin tədbir iştirakçıları AHK-nın metodik vəsaitləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB