“Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı”

“Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı”

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirləri çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində seminar keçirilib

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geniş tədbirlər keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı" çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı" mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparmaqdır.

İlk öncə seminar iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edərək ulu öndərin büstü önünə tər gül dəstələri qoymuş, "Heydər Əliyev guşəsi"nə ziyarət ediblər.

Seminarda Ulu öndərin Azərbaycan dövlətçilik tarixində müstəsna rolu, ölkənin iqtisadi potensialının artırılması, iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi uğurlu islahatlar, o cümlədən mülkiyyət islahatları mövzusu ətrafında məruzə və çıxışlar dinlənilmiş, geniş müzakirələr aparılıb.

Seminarın giriş sözü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi M.İmanov açıq elan etdi. Daha sonra seminarda "Heydər Əliyev və daşınmaz əmlakın dövlət qeydiyyatı sistemi", "Heydər Əliyev və idarəçilik", "Əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər" və s. mövzularda çıxışlar dinlənildi.

Çıxışlar zamanı qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Böyük enerji və qətiyyət sahibi olan Heydər Əliyev formalaşdırdığı və həyata keçirdiyi strateji xətlə, apardığı ardıcıl islahatlarla yeni dövrdə ölkəmizin dinamik inkişafının əsasını qoydu.

Qeyd edilib ki, dövlət quruculuğu prosesində digər sahələr kimi, mülkiyyət münasibətlərinin tənzimlənməsində də bir sıra tarixi qərarlar qəbul edilmişdi. Belə ki, 26 yanvar 1993-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanun təkmilləşdirildi. Mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşların maraqlarına uyğunlaşdırıldı. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olundu. Vətəndaşların başqa hüquq və azadlıqları kimi, mülkiyyət hüquqlarının da etibarlı qaydada qorunması dövlətin müəyyən etdiyi əsas məqsədlərdən biri oldu.

Həmçinin bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır.

Seminar çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiya biletləri də təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə