Azərbaycan Milli QHT Forumu (MQF) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) "Şərq İqlim Forumu" layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb. MQF-nin təşkilatçılığı ilə bu layihə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında Forumun üzvləri olan ekoloji QHT rəhbərləri ilə görüş keçirilib. Forumdan SİA-ya verilən məlumata görə, görüşün məqsədi AzQAC-nin yeni "Şərq İqlim Forumu" layihəsinin ekologiya və sağlamlıq sahəsində fəaliyyət göstərən aparıcı QHT rəhbərlərinə təqdim edərək gələcəkdə bu layihə üzrə tərəfdaşlıq Forumun formalaşdırılması olub.
Bu görüş AzQAC və ekologiya-sağlamlıq üzrə fəaliyyət göstərən QHT-nin rəhbərlərinin ilk görüşü kimi yadda qalıb. Tanışlıqdan sonra AzQAC-nin layihə üzrə şəbəkə əlaqələndiricisi Şaban Şayev layihənin təqdimatını həyata keçirib. Təqdimatda layihədə nəzərdə tutulan fəaliyyətlər və gözlənilən nəticələr öz əksini tapıb. Görüş iştirakçıları layihə ilə tanış olduqdan sonra birgə formalaşdıracaqları forumun məhz hansı istiqamətdə fəaliyyətlərin həyata keçirilməsinin önəmliliyi haqqında maraqlı müzakirələr edərək təkliflər veriblər.
AzQAC tərəfindən bildirilib ki, bu kimi layihələr və görüşlər əslində bu sahədə fəaliyyət göstərən QHT-nin birgə forum və ya koalisiya şəklində çalışmaları üçün platformanın yaradılmasına xidmət edir. Görüş iştirakçıları forumun adı və logosunun hansı formada olmasını da müzakirə ediblər.
Görüş iştirakçılarına izah olunub ki, yaradılacaq foruma daxil olan bütün QHT-ı və AzQAC arasında xüsusi əməkdaşlıq müqaviləsi imzalanacaq. Hazırlanmış müqavilənin ilkin nüsxəsi görüş iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, tərəflər arasında müqavilənin imzalanması xüsusi bir mərasim şəklində həyata keçiriləcək və ekologiya, iqlim dəyişkənliyi məsələləri ilə məşğul olacaq bu mühüm forumun yaradılması, geniş şəkildə işıqlandırılaraq ictimaiyyətə təqdim olunacaq.
Görüşün sonunda forum üzvləri olacaq QHT-lər bu kimi təşəbbüsə və layihəyə görə AzQAC-nə və təşkilatçılığa görə Milli QHT Forumuna təşəkkür etdilər.
Görüşdə AzQAC-nin, Milli QHT Forumunun üzvləri olan Sağlam Həyat Mədəniyyəti İctimai Birliyinin (İB), Ekoloji Sabitlik İB-nin, "Dalğa" Ekologiya və Təbiətin Qorunması İB-nin, "Səma və Eko" İB-nin, Gənclərə Qayğı İB-nin, "Dəmirağac" İB-nin, Ekoloji Maarifçilik və Monitorinq İB-nin, "Çıxış Yolu" Sağlam Gənclik İB-nin, "İNEPO-Avrasiya" İB-nin, Sağlamlığın Müdafiəsi İB-nin və Sağlam Həyatın Tədqiqatı İB-nin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, layihə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramına daxil olan bütün ölkələrdə eyni formatda əsasən Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin koordinasiyası və yerli QHT-nın tərəfdaşlığı ilə reallaşdırılır. Layihənin donoru Avropa İttifaqı və Avstriya İnkişaf Agentliyidir. Avstriya Qızıl Xaç Cəmiyyəti layihəyə texniki dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB