YAP Şəmkir rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib

YAP Şəmkir rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizin ictimai-siyasi həyatında qadınların rolundan, YAP Qadınlar Şurasının fəaliyyətindən, onların gördüyü səmərəli işlərdən bəhs edib.

F.Vəliyev bildirib ki, rayonda YAP sıralarına qəbul edilmiş 9562 nəfərdən 5082 nəfəri qadınlardır. Rayon təşkilatının sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən rayonda gedən sürətli quruculuq-abadlıq işləri ilə bağlı məlumat verib. F.Vəliyev çıxışnın sonunda öz ətrafında Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilib: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə, liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".

YAP Şəmkir rayon təşkilatının Qadınlar Şurasının sədri Nəzixə Zeynalova hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, təməli Ulu Öndər tərəfindən qoyulmuş qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsi olaraq, rayonumuzda qadınların təhsil, səhiyyə, mədəniyyət və idarəetmə orqanlarında rəhbər işlərə cəlb olunduqlarını vurğulayıb.

Məruzəçi eyni zamanda YAP-ın fəaliyyətində qadınların rolunun yüksək olduğunu deyib: "YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil olub. Xalqımızın Heydər Əliyev şəxsiyyəti və onun yaratdığı partiyanın ətrafında sıx birləşməsi dövrün məntiqi reallığıdır. Fərəhli haldır ki, bu gün xalqın ən mətin, monolit birliyə malik siyasi qüvvəsi olan YAP-ın üzvləri 650 mindən çoxdur ki, onların da 55 faizini qadınlar təşkil edir".

Daha sonra çıxış edənlər Şəmkir rayon Doğum evinin baş həkimi Fəxrəndə Sadıqova, Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Roza Orucova, Şəmkir rayon Füzuli adına şəhər orta məktəbin direktoru Rahilə Qurbanova, Şəmkir rayon Ə.Cavad adına orta məktəbin müəllimi, Sona Əliyeva, Şəmkir rayon Təhsil şöbəsinin metodisti Akifə Əsgərova, Şəmkir rayon Qasmallar kənd tam orta məktəbin direktoru Qumru Yusifova ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin respublikanın bütün sahələrinə olduğu kimi səhiyyə sahəsinə də göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi yüksək dəyərdən məmnun olduqlarını söyləyiblər.

Sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. Nəzixə Zeynalova yenidən yekdilliklə YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri və 25 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Həmçinin, respublikamızda keçiriləcək YAP Ümumrespublika Qadınlar Şurasının konfransına 2 nəfərdən ibarət nümayəndə seçilib.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə cənablarına müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə