Saxta mobil telefonlar respublikamızın mobil rabitə şəbəkələrində işləməyəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefonları almamağı istehlakçılara tövsiyə edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, satışda olan saxta mobil telefon cihazları 1 may 2013-cü il tarixindən sonra respublikamızın mobil rabitə şəbəkələrində işləməyəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi satışda olan saxta mobil telefon cihazları almamağı istehlakçılara tövsiyə edir. Respublika ərazisinə qeyri-qanuni yollarla idxala cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq, istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.
Qeyd edək ki, 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətə başlayır və həmin tarixdən sonra bütün saxta IMEI nömrəli yeni mobil telefon cihazlarının respublikamızın mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.
Mobil cihazların qeydiyyat sistemi işə düşdükdən sonra, hər hansı istehlakçı saxta IMEI nömrəli yeni mobil telefon cihazı alaraq onu mobil operatorların şəbəkələrinə qoşmaqla xidmətdən yararlanmağa çalışarsa, həmin cihazın istifadəsi qeyri-mümkün olacaq.
Ona görə də istehlakçllar yeni mobil telefon cihazları alan zaman bu kimi məsələlərə xüsusi diqqətlə yanaşmalıdırlar. İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlaya və ya "1677" xidmətinə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, mobil cihazların qeydiyyat sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması" qaydasına uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması "İnformasiya-komminikasiya texnologiyaları ili" çərçivəsində həyata keçirilən silsilə tədbirlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB