“Heydər Əliyev:müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı”
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi tədbirləri çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı" mövzusunda seminar keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geniş tədbirlər keçirilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı" çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı" mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparmaqdır.
İlk öncə seminar iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edərək ulu öndərin büstü önünə tər gül dəstələri qoyub, "Heydər Əliyev guşəsi"nə ziyarət ediblər.
Seminarda Ulu öndərin Azərbaycan dövlətçilik tarixində müstəsna rolu, ölkənin iqtisadi potensialının artırılması, iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi uğurlu islahatlar, o cümlədən mülkiyyət islahatları mövzusu ətrafında məruzə və çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb.
Seminarı giriş sözü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi M.İmanov açıq elan edib. Daha sonra seminarda "Heydər Əliyev və daşınmaz əmlakın dövlət qeydiyyatı sistemi", "Heydər Əliyev və idarəçilik", "Əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər" və s. mövzularda çıxışlar dinlənilib.
Çıxışlar zamanı qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Böyük enerji və qətiyyət sahibi olan Heydər Əliyev formalaşdırdığı və həyata keçirdiyi strateji xətlə, apardığı ardıcıl islahatlarla yeni dövrdə ölkəmizin dinamik inkişafının əsasını qoydu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkənin digər əhəmiyyətli sahələri kimi, daşınmaz əmlak sahəsində də vəziyyətin müsbətə doğru dəyişərək mühüm yeniliklərə start verilib. Bildirildi ki, ulu öndərin siyasi iradəsi ilə özəlləşdirmə, mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində real imkanlara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görülüb.
Qeyd edilib ki, dövlət quruculuğu prosesində digər sahələr kimi, mülkiyyət münasibətlərinin tənzimlənməsində də bir sıra tarixi qərarlar qəbul edilib.
Belə ki, 26 yanvar 1993-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanun təkmilləşdirilib. Mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşların maraqlarına uyğunlaşdırılıb. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olunub. Vətəndaşların başqa hüquq və azadlıqları kimi, mülkiyyət hüquqlarının da etibarlı qaydada qorunması dövlətin müəyyən etdiyi əsas məqsədlərdən biri olub.
1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlanıb.
Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda həyata keçirilən özəlləşdirilmə, torpaq islahatları kimi geniş miqyaslı islahatlar nəticəsində mənzil fondu və torpaq sahələri də daxil olmaqla yüz minlərlə dövlət əmlakı xüsusi mülkiyyətə verilib.
Həmçinin bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycan dövləti bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır.
Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində regionların tarazlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da inkişaf etdirilməsi sahəsində uğurlar əldə edilməkdədir.
Bütün bunlarla yanaşı son illər əmlak qeydiyyatı sistemi səmərəlilik və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə təkmilləşib. Son bir neçə ildə görümüş işlərin nəticəsidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi "Doing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ən yaxşı vəziyyətin olduğu on ölkə sırasındadır. Bu göstərici üzrə 183 ölkə arasında 9-cu yerdədir.
Yerli qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb.
Belə ki, artıq Gəncə, Şəki, Lənkəran ərazi qeydiyyat idarələrinin yeni inzibati binaları artıq istifadəyə verilib. Beyləqan və Bərdə ərazi qeydiyyat idarələrinin yeni binalarının tikintisi davam edir. Bir sözlə demək olar ki, bütün ərazi qeydiyyat idarələri müasir standartlara uyğun inşa edilmiş binalarda fəaliyyət göstərirlər.
Vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədi ilə artıq yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir. Bundan başqa, ərazi qeydiyyat idarələrində "elektron növbəlilik" sisteminin tətbiq edilir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət səviyyəsinin da ha yaxşılaşdırılması məqsədi ilə Bakı Ərazi Qeydiyyat İdarəsinin 5 yeni rayon şöbələri istifadəyə verilib. Artıq Bakı şəhərinin bütün rayonlarında yerli qeydiyyat şöbələri fəaliyyət göstərir.
Həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar, əmlak sahibləri, biznes qurumları daşınmaz əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Belə ki, artıq ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair reyestrdən çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir.
Görülən işlərin nəticəsidir ki, 2012-ci ildə respublika üzrə 152 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Qeyd edək ki, ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 2000-ə yaxın elektron müraciət daxil olub və icra edilib.
Bu tədbirlərin həyata keçirilməsinin başlıca məqsədləri daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını maksimum sadələşdirilməsi, əhalinin və biznesin bu xidmətlərə çıxışını asanlaşdırmalı, prosesin daha şəffaf və effektiv olmasına şərait yaratmasıdır.
Seminar çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiya biletləri də təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB