Gənclər Evi layihəsinin ilk məzunlarının görüşü keçirilib FOTO

Gənclər Evi layihəsinin ilk məzunlarının görüşü keçirilib FOTO

Bu gün Bakıda "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və "Azərbaycan İnkişaf Mərkəzi" İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi "Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı olan Gənclər Evi layihəsinin ilk məzunlarının görüşü keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, tədbirdə "Gənclər Evi"nin rəhbəri Elşad Abdullayev Gənclər Evi haqqında qısa məlumat verərək, gənclərin marağına və ehtiyacına cavab verən kurslar və təlimlər haqqında danışıb.

O, qeyd edib ki, "Gənclər Evi"nin əsas məqsədi sadəcə təhsil yox, həm də gənclərin iş həyatında üzləşdikləri çətinlikləri aşmaq üçün yardım etməkdir. Bu səbəbdən də, tədrisini başa vuraraq sertifikatını alıb gedən məzunları bir araya gətirmək, onlara iş tapmaq məsələsində yardımcı ola bilən iş adamlarını dəvət etmək qərarına gəlinib.

İş dünyasının gənc nümayəndələrindən gələn qonaqlar öz təcrübələri haqqında danışıblar. İş adamları Klubunun üzvləri Hikmət Əliyev və Fariz Abbasov, AVİS tubbi marketlər şəbəkəsinin nümayəndəsi Əhməd Sadəddinov, Gənclərin Resurs Mərkəzi adından Əhməd Mansurov öz çıxışlarında gənclərin işlə əlaqədar problemlərinə yardımçı xarakterli məlumatlar veriblər.

Gənclər Evi nəzdində belə bir tədbirin ilk dəfə keçirildiyinə baxmayaraq tədbir sırasında "Gənclərin həmrəyliyinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə "İş axtarışında nələrə diqqət edilməlidir" adlı seminar keçirildi. Birliyin sədri Cəmilə Abdullayeva gənclərin tədris və təlim prosessi ilə yanaşı təcrübə toplama məsələsinə də diqqət yetirmələri gərəkdiyini vurğulayıb.

Seminardan sonra Gənclər Evinin Liderlik kursundan yenicə məzun olmuş gənclərə sertifikatların təqdimatı keçirlidi.

Qeyd edək ki, Gənclər Evi layihəsi Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə