"Tarixi abidələrin qorunması, onların mühafizə olunması üzrə Azərbaycan regionda birincidir". SİA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Azərbaycanın regionda birinci olmasına baxmayaraq hələ də bu sahədə müəyyən problemlər var: "Arxeoloji əhəmiyyətli abidələrin və tarixi yerlərin qorunması üçün Azərbaycan Milli Elmlər Akademiyası və Turizm Nazirliyi tədbirlər həyata keçirir. Həmçinin yeni arxeoloji qazıntılar da aparılır ki, bu istiqamətdə də bizə inkişaf etmiş ölkələri və region ölkələrinin mütəxəssisləri köməklik göstərirlər".
Hazırda tarixi memarlıq abidələrin turizm sahəsi üzrə formalaşdırılması prosesinin getdiyini deyən N. Müseyibli qeyd edib ki, AMEA Turizm Nazirliyilə birgə tarixi abidələrin aşkarlanmasında maraqlıdır və bu abidələrin sonradan turizm obyektlərinə çevrilməsi hər iki dövlət strukturunun diqqətindədir. Direktor müavini qeyd edib ki, Azərbaycanda son statistikaya görə 6000-dən çox tarixi abidə var: "Lakin bu abidələrin sayını dəqiq demək mümkün deyil. Çünki qısa zaman ərzində yeni arxeloji qazıntılar aparılır və tarixi abidələr kəşf olunur".
Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin tarixi abidələrlə zəngin olduğunu bildirən N. Müseyibli deyib ki, hazırda həmin ərazilərdə erməni vandalizmi hökm sürür: "Ermənilər bu ərazilərdə yerləşən və yazının yarandığı dövrə qədər tikilən tarixi abidələri öz adlarını çıxır, Azərbaycanda yazı yarandıqdan və islam dini formalaşdıqdan sonra inşa olunan tarixi abidələri isə məhv edirlər. Cənubi Azərbaycanda isə arxeoloqlarımızın arxeoloji qazıntılar aparması və yeni tarixi abidələrin kəşf olunması üçün İran İslam Respublikasının və Azərbaycan Respublikasının elmi qurumları arasında müvafiq müqavilələr bağlanmalıdır. Əks təqdirdə Təbrizdə və Cənubi Azərbaycanın digər vilayətlərində tərəfimizdən arxeoloji qazıntıların aparılması mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB