“Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları”

“Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları”

Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) və Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə "Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli tədbirin təşkilində məqsədin xarici şirkətləri "Asan xidmət" barədə məlumatlandırmaq olduğunu bildirib.

Ə. Hüseynli son illər ölkədə miqrasiya sahəsində mühüm işlər görüldüyünü, bir neçə gün öncə isə Miqrasiya Məcəlləsi layihəsinin Milli Məclisə təqdim olunduğunu vurğulayıb.

Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev isə çıxışında qeyd edib ki, son illər ölkədə gedən dinamik inkişaf Azərbaycana xarici ölkələrdən miqrantların axınına şərait yaradıb. DMX yaxın gələcəkdə də bu prosesin davam edəcəyini gözləyir. Azərbaycanda miqrasiya sektorunda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdıran idarə rəisi, Miqrasiya Məcəlləsinin qəbulunun bu sahədə mühüm addım olacağını bildirib.

Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin baş inspektoru Xəyalə Abbasova "Miqrasiya Xidməti sektorunda aparılan son qanunvericilik islahatları" mövzusunda, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin müdiri Azad Cəfərli isə "ASAN Xidmət Mərkəzində göstərilən xidmət növləri arasında Miqrasiya Xidməti barədə" mövzusunda təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə