Azərbaycana 18 sm qar yağıb

Bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Əvvəlcədən xəbər verildiyi kimi aprelin 16-sı gün ərzində, 17-si gecə və səhər ölkə ərazisində hava şəraiti təzadlı dəyişilib, əksər rayonlarda yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Ən çox düşən yağıntının miqdarı Ağcabədidə 45mm, Ağstafada 26 mm, Astarada 24 mm, Zaqatala, Balakəndə 19 mm, Oğuzda 18 mm, Qəbələdə 17 mm, Kişçayda (Şəki) 15 mm, Sarıbaş (Qax), Altıağac, Şəkidə 14 mm, İlisuda 13 mm, Lənkəran, Şamaxıda 12 mm, Xınalıq, Gədəbəydə 11 mm təşkil etmiş, digər rayonlarda isə 1-9 mm olmuşdur. Bakıda və Abşeron yarımadasında isə düşən yağıntının miqdarı 1-8 mm təşkil edib.

Şamaxı Regional Meteoroloji Stansiyasının məlumatına əsasən aprelin 17-si gecə saat 05:00 radələrindən başlayaraq Şamaxı və onun ətraf ərazilərində aramsız yağıntılar düşüb, bəzi yerlərə sulu qar, təxminən 1000 metrdən yuxarı ərazilərə isə qar yağıb, qarın qalınlığı 1-2 sm təşkil etmiş, çaylarda sululuq artıb.

Əmələ gəlmiş qar örtüyünün hündürlüyü Xınalıqda 18 sm, Sarıbaşda 8 sm, İlisuda 6 sm, Kişçayda 3 sm, Gədəbəydə 1 sm, Qubanın dağlıq ərazilərində 10-15 sm təşkil edib.

Şimal-qərb küləyi Biləsuvarda 22 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Şəmkir və Naftalanda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-18 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə