"Akkord" Korporasiyası Ulu öndərin xatirəsini ehtiramla anıb

"Akkord" Korporasiyası Ulu öndərin xatirəsini ehtiramla anıb

Bu gün "EXCELSIOR" otelində YAP Nərimanov rayonunun "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilk ərazi təşkilatının təşəbbüsü ilə Heydər Əliyevin 90 illiyi ilə bağlı geniş tədbir keçirilib. Tədbirdə millət vəkilləri Əhməd Vəliyev, Jalə Əliyeva, YAP Nərimanov təşkilatının sədri Təmraz Tağıyev, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, korporasiyanın baş direktoru Xaqani Quluzadə, eləcə də, ASC-nin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbir Ümummili Liderin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanışlıqla başlayıb. Qonaqlar maraqlı fotolardan ibarət stendlə yanaşı, Heydər Əliyevə həsr olunmuş müxtəlif kitabların sərgisi ilə də tanış olublar.

Daha sonra tədbir iclas salonunda davam edib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açıb. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra toplantı iştirakçıları Heydər Əliyevə həsr olunmuş "Ali sevgi" filminə tamaşa ediblər.

Filmin nümayişindən sonra tədbirə qonaq qismində qatılan millət vəkili Jalə Əliyeva çıxış edərək Ulu Öndərin xalqımızın taleyində oynadığı müstəsna roldan, onun xüsusilə Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanmasında əvəzsiz xidmətlərindən danışıb. Daha sonra çıxış edən millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafı üçün ortaya qoyduğu fədakar əməyə diqqət çəkib.

Tədbirdə "Akkord" Korporasiyasının Direktorlar Şurasının Sədri, Baş direktor Xaqani Quluzadə geniş nitqlə çıxış edib. Ulu Öndərin müstəsna şəxsiyyətinin dünya xalqlarının tarixində əhəmiyyətli rol oynamış dahi ictimai-siyasi xadimlərlə eyni sırada dayandığını vurğulayan baş direktor əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətin ölkəmizin dinamik inkişafındakı rolundan danışıb: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Bu, xüsusilə bizim təmsil etdiyimiz özəl sektorun işində və dinamik inkişafında özünü aydın şəkildə nümayiş etdirir. Bu sektorun əhəmiyyətli bir nümayəndəsi kimi, "Akkord" Korporasiyasının yaranma, möhkəmlənmə və inkişaf dövrləri qeyd edilən uğurlu siyasətin tərkib hissəsi, bariz nümunəsi sayıla bilər. Artıq 9 ildir ki, bu sektorda həyata keçirdiyimiz fəaliyyətlə biz daim Ulu Öndər tərəfindən qarşıya qoyulan məqsəd və məramların həyata keçirilməsi üçün səylə çalışır, həm ölkə daxilində, həm də xaricdə ümummilli inkişaf siyasətimizə uyğun fəaliyyət göstəririk. Bu gün "Akkord" Korporasiyası təkcə Azərbaycanda inşaat-tikinti sektorunun lideri olmaqla qalmır, həm də Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna daxil olmaqla bir sıra xarici ölkələrin bazarlarında ciddi rol oynayır. Bütün bu ölkələrdə Korporasiya özünün törəmə şirkətləri və filialları vasitəsilə əhəmiyyətli infrastruktur layihələri icra edir. 2012-ci ildə Korporasiya Avropa bazarlarına inteqrasiya siyasəti çərçivəsində Almaniyanın Frankfurt şəhərində öz nümayəndəliyini təsis etmişdir. Bu gün Korporasiyamızın Azərbaycanda və xarici ölkələrdə yol-infrastruktur tikintisi layihələrinin cari portfeli 1.9 milyard ABŞ dolları təşkil edir. Bizim icra etdiyimiz layihələr Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdir. Xarici ölkələrdə müxtəlif layihələrin icrasında iştirak bizim təcrübəmizin artmasına, peşəkarlığımızın yüksəlməsinə xidmət etməklə yanaşı, həm də bu qədər geniş miqyasda fəaliyyət göstərmək imkanında olan şirkətlərin inkişafına şərait yaradan ölkəmizin nüfuzunun artmasına, beynəlxalq imicimizin daha da yaxşılaşmasına səbəb olur. Nüfuzlu xarici şirkətlərlə, o cümlədən dünyaca məşhur "Buiq", "Todini", "Salini" kimi iri şirkətlərlə bərabərhüquqlu əməkdaşlıq Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən düzgün iqtisadi-siyasətin "Akkord" kimi güclü milli şirkətlərimizin yaranıb inkişaf etməsində oynadığı rolun aydın təzahürlərindəndir".

Baş direktor "Akkord" kollektivinin daim Heydər Əliyev irsinə və onun varisi olan İlham Əliyev cənablarının ölkəmizin rifahına yönəlmiş siyasətinə sadiq olduğunu bildirib və qarşıdan gələn prezident seçkilərində də 5000 nəfərlik bir kollektivin həmişə olduğu kimi, məhz bu siyasətə dəstək verəcəyini bildirib.

Tədbir zamanı "Akkord" Korporasiyasının YAP-a yeni qəbul edilən üzvlərinə partiya biletləri verilib.

Yubiley tədbirinin sonunda bütün iştirakçılar Ulu öndərin xatirəsini yad etmək üçün Fəxri Xiyabana yollanıblar. Burada Heydər Əliyevin məzar-abidə kompleksi önünə əklil qoyulub, həmçinin Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə