Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbəsinin Lovayın yaşayış məntəqəsinin sakinləri ilə görüşü keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşü Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Rafael Babayev açaraq bildirib ki, Lovayın yaşayış məntəqəsinin 201 təsərrüfatı, 885 nəfər əhalisi, 1 tam orta məktəbi, 1 mədəniyyət evi, 1 kitabxanası, 1 məscidi, 2 fermer təsərrüfatı vardır. Əhalinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuuq və heyvandarlıqdır.
Sakinlərdən Qürbət İbrahimov, Nəsrəddin Teymurov, İbrahim Qənbərov, Yədulla İbrahimov, Ağaddaş Rəhimov, Mehrəli Orucov və başqaları çıxış edərək möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə görülən genişmiqyaslı işlərdən razılıqlarını bildiriblər, eyni zamanda rayonda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, bu işdə rayon rəhbərliyinin gərgin və səmərəli əməyini xüsusi qeyd ediblər. Onlar ölkəmizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin səmərəli fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdıraraq qarşıdan gələn prezident seçkilərində yekdilliklə İlham Əliyev cənablarına səs verəcəklərini bildirmişlər.
Çıxış edənlər eyni zamanda kəndin sosial məsələləri barədə təkliflər irəli sürərək Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, mədəniyyət evinin əsaslı təmiri, elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz edilməsi, əlavə transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə ölkədə bütün sahələrdə inkişaf və tərəqqinin olduğunu, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını diqqətə çatdırıb. Əlavə edib ki, hazırda qəsəbədə olan 9 məktəbdən 7-si üçün yeni binalar inşa edilib, qalan iki məktəb binasının tikintisi plana salınıb. Ötən görüşlərimizdə verdiyiniz təklifə, arzu və istəyinizə uyğun olaraq qəsəbədə salınan Heydər Əliyev parkında tamamlanma işləri görülür.
Sonda rayon İcra hakimiyyətinin başçısı quruculuq-abadlıq işlərinin gündən-günə sürətlənəcəyini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB