Rusiya Federasiyasının Həştərxan vilayəti Administrasiyasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair tədbirlər planı çərçivəsində cari ilin 15-16 aprel tarixlərində Həştərxan Dövlət Universitetində Azərbaycan dili və mədəniyyəti günləri keçirilib.
İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, universitetin xarici dillər fakultəsinin akt zalında çıxış edən professor Olqa Yeqorova Azərbaycan xalqının mədəniyyəti və dili haqqında ətraflı məlumat verib. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında çıxış edib. Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov isə Həştərxan Dövlət Universiteti ilə birgə tədbirləri və gələcək əməkdaşlığın perspektivlərini açıqlayıb.
Bununla yanaşı tədbir zamanı Bakı şəhərinin Slavyan Universitetinin tələbə və müəllimlərinin iştirakı ilə canlı videokonfrans baş tutub. Videokonfrans zamanı Həştərxan Universitetinin tələbələri tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda tələbələr arasında Azərbaycanın müasir şairlərinin poeziyalarından şer, Azərbaycan dilindən rus və ingilis dillərinə sinxron tərcümə müsabiqələri keçirilib.
Qeyd edək ki, tədbirdə "Müasir Azərbaycan" sənədli filmi nümayiş etdirilib. Sonda isə tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya ifa edilib, Azərbaycan mətbəxinin nümunələri dequstasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB