Nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib

Nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib

Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Məlumata görə, tapşırığa uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Əvvəlki standartlara görə, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin işıq buraxma qabiliyyəti isə 60%-dən az olmamalıydı. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə