“Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi”

“Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi”

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı "Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi" mövzusunda nəzəri- praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda dövlət orqanlarının kadr qurumları rəhbərləri, QHT nümayəndələri iştirak ediblər.

İlk çıxış edən Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, Ulu Öndər Heydər Əliyev görkəmli siyasi xadim olmaqla yanaşı, müasir Azərbaycan dövlətinin qurucusu, böyük Azərbaycançı və bir nömrəli dövlət qulluqçusu kimi tarixi düşüb.

Misirov, Ulu Öndərin Azərbaycanda dövlət qulluğunun inkişafı sahəsində gördüyü işlərdən söz açaraq qeyd edib ki, bu siyasət prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Daha sonra isə Komissiyanın sədri Bəhram Xəlilov "Heydər Əliyev- Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi" mövzusu ilə çıxış edib. Sədr çıxışı zamanı hələ SSRİ dövründə gənclərin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsinin Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb.

Ulu Öndərin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədi ilə atdığı addımlardan bəhs edən sədr qeyd edib ki, "Dövlət qulluğu haqqında" qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları məhz onun hakimiyyəti dövründə qəbul olunub.

Konfransda daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının sədri Natiq Əhmədovun və digər qurumların nümayəndələrinin çıxışları olub.

Qeyd edək ki, çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə