Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 2013-cü il aprelin 23-24-də ilk dəfə olaraq Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək. Qurumdan SİA-ya verilən məlumata görə, konfransdan əvvəl iki gün ərzində "JW Marriott Absheron Baku" keçiriləcək iclasda ilkin müzakirələr aparılmaqla, konfrans üçün gündəlik hazırlanacaq, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılması təmin ediləcək.
"Hilton Baku" otelində keçiriləcək konfransda isə dünyanın 50-dən çox ölkəsinin, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, İndoneziya, Bruney, Benin, Banqladeş, Kamerun və digər ölkələrin nazirləri iştirak edəcəklər. Konfransda əsas məqsəd İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması, bu sahədə mütərəqqi ideya və innovasiyaların təqdimatı və mübadiləsi, habelə İƏT ölkələrində əmək bazarını inkişaf etdirmək, əmək potensialının yüksəldilməsini, işçi qüvvəsinin beynəlxalq standartlara çatdırılmasını təmin etmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını yüksəltməkdir.
Görüşün yekunu olaraq, iştirakçı ölkələr tərəfindən əmək və məşğulluq məsələləri üzrə "Bakı Çərçivə Sənədi" nin imzalanması nəzərdə tutulur. Sənəd İslam Konfransı Təşkilatı ölkələri arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq üçün fəaliyyət proqramı kimi qəbul olunacaq. Konfransa ev sahibliyi edən Azərbaycan növbəti 2 il ərzində İƏT üzrə əmək və sosial müdafiə məsələlərinə həsr olunan iclaslara sədrlik edəcək.
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin görüşü İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.
Qeyd edək ki, hələ 10 sentyabr 2011-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv dövlətlərinin əmək nazirlərinin İstanbulda keçirilmiş ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülüb və bu təşəbbüs yekdilliklə dəstəklənib.
Məlumat üçün bildirək ki, 25 sentyabr 1969-cu il tarixində təsis edilmiş İslam Əməkdaşlıq Təşkilatı (İKT) müsəlman ölkələrinin ən böyük və ən nüfuzlu rəsmi beynəlxalq hökumət təşkilatıdır. İlk dövrlərdə 25 dövlətin üzv olduğu İƏT hazırda ümumilikdə 1.2 milyard nəfərə yaxın əhalisi olan 56 ölkəni özündə birləşdirir. İƏT-i yaratmaqda məqsəd müsəlman dövlətləri arasında əməkdaşlıq, beynəlxalq müstəvidə həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə iştirak və təşkilata üzv ölkələrin sabit inkişafına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB