Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının III konfransı başa çatıb. SİA-nın verdiyi məlumata görə, ümumrayon tədbirini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq bildirib ki, bu gün biz daha bir əlamətdar günü qeyd edirik. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının III konfransı öz işinə başlayır. Hamımız yaxşı bilirik ki, qadın olan yerdə məhəbbət, səmimiyyət, mehribançılıq, gözəl həyat var. Qadın bir də ona görə bizim üçün əziz və müqəddəsdir ki, o, ana kimi dahidir.
Azərbaycan qadını Şərqdə ilk dəfə olaraq demokratik şəraitdə seçmək və seçilmək hüququ qazanıb. Tarixə nəzər salanda Nüşabənin ağlı və dərrakəsi qarşısında fateh İsgəndərin aciz qaldığını xatırladıqca Azərbaycan qadını haqqında həm bizim, həm də beynəlxalq aləmdə qiymət verən insanların heyrəti, hörmət və istəyi daha böyük olur. Bu gün Azərbaycan qadınının səsi-sorağı dünyanın müxtəlif ölkələrindən, ali məclislərindən gəlir. Müstəqil Azərbaycan Parlamentində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri , Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çox fəal, gərgin iş aparır, beynəlxalq aləmdə Azərbaycan qadını haqqında onun xoş əməllərinə dair gərgin ideoloji təminat yaradır. Azərbaycan qadınının intellekti o dərəcədə zəngin və yüksəkdir ki, o, dövləti ağılla, kamalla, bu günün, sabahın tələblərinə uyğun idarəetmə iqtidarındadır. Qadınlar haqqında daha çox danışmaq olar.
Ə.Abıyev bildirib ki, bu il rayonumuzda böyük tikinti, quruculuq, abadlıq işləri aparılacaqdır. Görüləcək işlər "Yeni Daşkəsən" layihəsində qeyd edilmiş, rayon qəzetində dərc olunaraq sizlərə paylanmışdır. 26 məktəbdə əsaslı təmir və tikinti, rayon İcra Hakimiyyəti Başçısı Aparatının inzibati binasının, Yeni avtovağzalın və imtiyazlı şəxslər üçün yaşayış binalarının tikintisi aparılacaqdır.
Məlumdur ki, qarşıda bizi mühüm bir siyasi kampaniya gözləyir.Ölkə prezident seçkilərinə hazırlaşır. Siz qadınlar olaraq böyük qüvvəsiniz. Hər birinizin qəlbinizdə, ailənizdə Müstəqil Azərbaycanı böyük fəlakətdən qurtararaq güclü inkişaf, tərəqqi yoluna çıxardan Heydər Əliyev ideyalarına, siyasi kursuna xüsusi hörmət vardır. Bizi uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın, dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir. Bu siyasət həm ölkə daxilində, həm də xaricdə razılıqla qarşılanır. Qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyası öz namizədini bütün gücü ilə dəstəkləyəcəkdir.
Rayon İcra Hakimiyyəti başçısının giriş nitqindən sonra Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Qadınlar Şurasının sədri Nahidə Həsənova konfransda hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev əsası Ulu öndərimiz tərəfindən qoyulan qadın siyasətinə xüsusi diqqət və qayğı göstərir. Məlumdur ki, qadınların kişilərlə bərabər hüquqa malik olması qadıının lider qüvvəyə çevrilməsi, yüksək dövlət vəzifələrində özünün gender balansını təmin etməsi üçün ilk növbədə təhsilli olması, dünya tələbləri səviyyəsində biliyə sahib olması vacib şərtlərdəndir: "Qadınların ictimai işlərdə iştirakı get-gedə artan partiya üzvlərinin sayında da özünü göstərir. Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı fəaliyyəti dövründə qadınlara həmişə üstünlük vermiş, onların irəli çəkilməsi üçün lazımi tədbirlər həyata keçirmişdir. Qadınlarımız rayon təşkilatının şura, idarə heyəti, gənclər birliyi və nəzarət təftiş qruplarında təmsil olunurlar. Rayon təşkilatının sıralarında olan 3944 nəfərin 1654 nəfəri qadınlardır. Onlar arasında gənc qadınlar 510 nəfər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız rayonumuzun ictimai-siyasi həyatında görülən abadlıq, quruculuq, tikinti işlərində daim təşəbbüskarlıqları, nümunəvi işləri ilə fərqlənirlər".
Qadınların məntəqə seçki komissiyalarında, bələdiyyələrdə təmsil olunduğunu deyən natiq bildirib ki, rayonun ictimai həyatında elə bir sahə yoxdur ki, qadınlarımız öz fəallıqları ilə nümunə göstərməsinlər: "Qarşıdan Prezident seçkiləri gəlir. Biz YAP Daşkəsən rayon təşkilatının Qadınlar Şurası olaraq bu seçkilərdə Yeni Azərbaycan Partiyasının ən layiqli namizədinə səs verəcəyik".
Məruzəçi daha sonra qadının ailədə, cəmiyyət üzvləri arasında xüsusi hörmətə malik olmasından, gənc nəslin tərbiyəsində onun müstəsna xidmətlərindən, Müstəqil Azərbaycanımızın xoş gələcəyi naminə fəal olmasından danışmış, konfrans iştirakçılarına uğurlarımızın daimi təminatçısı Heydər Əliyev siyasi kursuna daha sədaqətli olmağı tövsiyə edib.
Məruzə ətrafında konfrans iştirakçılarından YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, müəllimlər Rəna Aslanova, Üfət Abdıyeva çıxış edərək öz ürək sözlərini söyləyiblər.
Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının III konfransında təşkilati məsələlərə baxılıb.
İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Rəna Aslanova Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının sədri, Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Mətanət Abdullayeva və 5 saylı körpələr evi - uşaq bağçasının müdiri Mehriban Rüstəmova müavin seçiliblər.
Rəna Aslanova və Mehriban Rüstəmova YAP Qadınlar Şurasının Respublika konfransına nümayəndə seçiliblər.
Sahib Əhmədov,
Respublika Jurnalistlər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB