Prezident İlham Əliyev Mingəçevirdə olub

Prezident İlham Əliyev Mingəçevirdə olub

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində səfərdə olub. SİA xəbər verir ki, dövlət başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak edib. Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Mərkəzin inşası barəsində prezidentə məlumat verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirb ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanıb. Sahəsi 6 min kvadratmetr olan Mərkəzdə ən müasir standartlar tətbiq edilib. Prezident İlham Əliyev Mərkəzin 570 nəfərlikakt zalı ilə tanış olub. Mərkəzdə dövlət atributları haqqında xüsusi guşə yaradılıb. Qeyd olunub ki, burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün kurslar təşkil olunacaq.

Daha sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Müşfiq Mirzəyev adına "Dostluq" parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, ümumi ərazisi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb.

Prezident İlham Əliyev Gənclər Evinin də açılışında iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, üçmərtəbəli binanın sahəsi min kvadratmetrdir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir. Bu Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq. İlham Əliyevə ölkədə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verilib.

Sonra prezident yenidənqurma işlərinin aparıldığı Sahil Parkına gəlib. Dövlət başçısına məlumat verilib ki, parkın ümumi ərazisi üç min kvadratmetrdir. İstirahət guşəsində 20 min kvadratmetrlik ərazidə geniş yaşıllıq işləri aparılıb. Hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaq. Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Məlumat verilib ki, yeni yaradılan sahilyanı istirahət kompleksinin ərazisi 1,5 hektardır. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxıb. Dövlət başçısı Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış olub. Prezidnetə raport verən fövqəladə hallar naziri Kamaləddin Heydərov bildirib ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir. Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan ölkə rəhbəri inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izləyib. Dövlət başçısına təhlükəsizlik sisteminin ən mühüm elementlərindən olan çəpərlər və videokameralar barədə məlumat verilib.

Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə də tanış olub. Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində olan Prezident İlham Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, burada hər cür şərait yaradılıb. Yeni məhəllədə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilib. Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlət başçısına təşəkkür edib.

Prezident İlham Əliyev məhəllədə 480 şagird yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir. Daha sonra Bayraq Meydanına gələn dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə