22 aprel - "Beynəlxalq Yer günü" bayramı münasibətilə bir sıra tədbirlər keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, bayramla əlaqədar olaraq Nazirlik tərəfindən 22 aprel günündə paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq ediləcək, təmizlik işləri aparılacaq, təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər təşkil eidləcək.
Qeyd edək ki, "Beynəlхalq Yer günü"nün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac günü" kimi qeyd olunmağa başlanıb..
1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, "Yer günü" adlandırılıb.
1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. "Yer günü" ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB