Gənclər təltif olundular

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrilə görüşüb. SİA xəbər verir ki, tədbir xüsusilə ümummilli lider Heydər Əliyevin 90 illiyi ərəfəsində təşkil olunub və bu görüşlərin məqsədi tələbə-gənclərin idman və bir sıra digər fəaliyyətlər barəsində maarifləndirilməsini əhatə edir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Raqif Abbasov təşkilatın fəaliyyəti barəsində məlumat verib və bildirib ki, Dövlət Neft Akademiyasının tələbələri keçirilən yarışlarda və tədbirlərdə fəal iştirak edirlər: "Gənclər və İdman Baş İdarəsinin Neftdaşlarında, Qubada, Qobustanda tədbirləri reallaşıb ki, bu tədbirlərdə, həmçinin təşkil olunan qış və yay düşərgələrində Akademiyanın tələbə heyyəti fəal iştirak edib, təltif və hədiyyələrə layiq görülüblər".

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, SSRİ dövründə gənclərin öz bacarıqlarını göstərməsinə, keçirilən tədbirlərdə fəal iştirak etməsinə məhdudiyyət qoyulurdu: "Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət başçısının rəhbərliyi və təşkilatçılığı ilə idman yarışlarında, mədəniyyət sahəsində və digər istiqamətlərdə gənclərin fəallığına diqqət yetirildi. Hazırda da bu proses davam edir, beynəlxalq idman yarışlarında, həmçinin beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı məhz gənclərimiz təmsil edir. Bu da dövlətin gənclərə göstərdiyi diqqət və qayğının barız nümunəsidir".

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatının təşkil etdiyi yarışlarda iştirak edib fərqlənən tələbələr diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetin tələbələrilə görüş keçirib. Keçirilən tədbirlərin davamı olaraq isə onlar Dövlət İdarəçilik Akademiyasının və Bakı Ali Neft Məktəbinin tələbə heyətilə görüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə