Komitə sədri:"Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir"

Komitə sədri:"Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir"

"Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir. Lakin bir çox ölkələrdən fərqli olaraq, akademik nəzəriyyədə adlandırıldığı kimi pozitiv dünyəvilik prinsiplərinə əsaslanır". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən MDB Müsəlmanları Məşvərət Şurasının beynəlxalq elmi-praktik konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında deyib.

O, bildirib ki, dini və hökumət qurumları bir-birlərindən ayrı olduqlarına baxmayaraq, dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var: "Bu öz ifadəsini ən gözəl şəkildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik" sözlərində tapıb. Azərbaycan dövləti dinin, dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. Dini dəyərlər xalqımızın mənəvi irsi hesab edilir. Bu istiqamətdə bütün müvafiq qurumların xətti ilə işlər aparılır. Yenə də Ulu öndərimizin "Dinimiz xalqımızın milli-mənəvi sərəvtidir" sözü aparılan bu strateji xəttin nəzəri-praktiki əsasını təşkil edir. Sovet dövründə dağıdılmış dini abidələrin yenidən tikilməsi, bərpası işi sürətlə aparılır".

Komitə sədri həmçinin qeyd edib ki, dövlət qurumları dini icmaların problemlərinin həlli yolunda bir sıra işlər görür. Bu da Azərbaycanda pozitiv dünyəviçiliyin əsas təzahürlərindən biridir.

Elşad İskəndərov eyni zamanda vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin bütün dövlət tədbirlərində yaxından iştirakı, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dini icmalara maliyyə yardımının illik əsaslarla göstərilməsi bunun təzahürüdür.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə