Bu gün Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.
Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirin açılışında bildirib ki, din xadimləri əmindir ki, millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətləri xalqlarımızın xoşbəxt gələcəyinə aparan yollardan biridir.
Paşazadənin sözlərinə görə, tədbirin mövzusu din xadimləri üçün hər zaman aktuallığını qoruyub saxlayan, diqqət mərkəzində olan məsələdir: "Dini rəhbərlərin üzərinə düşən ali-mənəvi məsuliyyətdən çıxış edərək sözlərimiz və əməllərimizlə yüksək ideaların gerçəkləşməsinə dəstək verməliyik".
Allahşükür Paşazadə bildirib ki, MDB məkanının müsəlmanlarının tədbirinə müsəlman din xadimləri ilə yanaşı Rus Provaslav Kilsəsi, Vatikan kimi dünyanın dini mərkəzlərinin və digər konfessiyalarının təmsilçilərinin qatılması konfransın dəyərini artırır, dövlət-din münasibətlərinin yüksək səviyyədə formalaşdığı Azərbaycan dövlətinin təcrübəsinə verilən böyük dəyərin təcəssümüdür.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktub Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tərəfindən oxunub.
Konfrans iştirakçılarına eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin də təbrik məktubu göndərilib. Məktubu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səsləndirib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB