Onlar da sevindilər

"İnsan Hüquqları XXI əsr – Azərbaycan " Fondunun nəzdində fəaliyyət göstərən "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi" fəaliyyətinin üç illiyinin qeyd olunması ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakı ilə möhtəşəm tədbir keçirib. Tədbirdə Maştağa qəsəbəsində yerləşən 1 nömrəli tam orta internat məktəbindən və Suraxanırayonunda yerləşən 7 nömrəli xüsusi internat məktəbindən ümumilikdə 100 uşaq iştirak edib. Tədbir "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının", "İnsan Hüquqları XXI əsr – Azərbaycan " Fondunun, İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun və "Nilufər" Şadlıq Sarayının rəhbərliyinin dəstəyi ilə baş tutub. "İnsan Hüquqları XXI əsr – Azərbaycan " Fondunun İcraçı Direktoru və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi" – nin rəhbəri Rüfət Muradov Mərkəzin 3 illik fəaliyyəti və əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Mərkəz 2010-cu ilin aprel ayında fəaliyyətə başlayıb və yerli və xarici donorların maliyyə dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu günə kimi müxtəlif treninqlər, seminarlar, təlim və aksiyalar təşkil edərək uşaqların inkişafına və şəxsiyyətlərini formalaşdırılmasına yardımçı olub.

Daha sonra "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının" Vitse-Prezidenti Vəli Əlibəyov tədbir iştirakçılarına AVCİYA kollektivinin və rəhbərliyinin salamlarını çatdıraraq uşaqlara bu səpkidə tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini bildirib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissədə Azərbaycan estradasının gənc və tanınmış müğənniləri Elvin Mirzəzadə, Sadiq Məmmədov, Ramil Xələfov, Akif Əliyev canlı ifaları ilə mərasimə öz töhfələrini veriblər. Tədbir şən klounların iştirakı və hədiyyəli müsabiqələrin keçirilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə