CASCFEN Yevlaxda onlayn etika seminarı keçirdi

CASCFEN Yevlaxda onlayn etika seminarı keçirdi

Ötən həftəsonu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Yevlax şəhərində gənclər üçün qurumun "Onlayn etika – netiket" proqramı çərçivəsində bir günlük seminar-treninq keçirib. Əsas məruzəçi qismində CASCFEN sədri Azər Həsrətin çıxış etdiyi seminarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNICEF-in dəstəyi ilə gerçəkləşdirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" çərçivəsində fəaliyyət göstərən Yevlax təbliğat qrupunun 15 üzvü iştirak edib.

Gənclərin təşəbbüsü ilə baş tutan seminarın açılışında qrupun rəhbəri Rafiq Vaqifoğlu qeyd edib ki, Yevlax gəncləri Azərbaycanda gedən sürətli quruculuq prosesində daha fəal iştirak etməyə çalışır. Ona görə də yeni nəslin bilik və bacarıqlarının artırılması üçün hər zaman yeni təşəbbüslərlə çıxış edir. "Bu baxımdan biz CASCFEN-in gənclər üçün gerçəkləşdirdiyi "Onlayn etika – netiket" proqramı çərçivəsində seminarın məhz Yevlaxda təşkilini istədiyimizi bildirdik və qurum da bunu müsbət qarşıladı. Ümid edirəm ki, bugünkü seminar gənclərin ürəyincə olacaq", – deyə o, bildirib.

Daha sonra çıxış edən CASCFEN sədrinin müavini Nadir Azəri isə qeyd edib ki, CASCFEN öz fəaliyyətində şəffaflıq və könüllülük prinsiplərinə üstünlük verdiyi üçün bu seminarı da öz daxili imkanları hesabına gerçəkləşdirir. "Halbuki bəzən böyük məbləğdə vəsaitlər əldə etməyi bacaran təşkilatların ən adi tədbiri belə təşkil etməkdə çətinlik çəkdiyini görürük", – deyən Nadir Azəri CASCFEN-in gələcəkdə də region gəncləri üçün belə proqramları davam etdirəcəyini vurğulayıb.

Daha sonra söz ekspert, CASCFEN sədri Azər Həsrətə verilib. O, "Onlayn etika – netiket" mövzusunda ətraflı çıxış edib, nümunələr verməklə və qarşılıqlı müzakirə şəraitində xüsusən də gənclərin torüstü (virtual) aləmdə davranış qaydalarının norma və prinsipləri ətrafında canlı fikir mübadiləsinə rəvac verib. Ekspert onu xüsusilə vurğulayıb ki, "bəzi insanlar kompüter arxasında oturduğu zaman elə düşünür ki, onu heç kim görmürsə, nə istəsə və necə istəsə paylaşa bilər. Bu isə gənclərin uyğunsuz kontent paylaşmasına, başqalarını rahatsız etməsinə və nəticədə hətta insan ölümü ilə sonuclanan faciələrə gətirib çıxarır".

Azər Həsrət qeyd edib ki, başçılıq etdiyi CASCFEN söz azadlığı uğrunda mübarizə aparan bir təşkilat olmaqla xüsusən də torüstü aləmdə ifadə azadlığı mədəniyyətinin yüksəldilməsinə çalışır. "Fərqli siyasi qurumlara, təşkilat və qruplara üzv olan insanların bir-birilə torüstü müzakirə zamanı kəskin və qırıcı ifadələrdən çəkinməsi, qurucu və müsbət ifadə formalarına üstünlük verməsi ümumilikdə ölkəmizdə ifadə azadlığı mədəniyyətinin yüksəlməsinə səbəb olacaq", – deyə o, qeyd edib.

Gənclərin də fəal qatıldığı müzakirə və bilgi paylaşımının sonunda aşağıdakı iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib:

1. Bayramova Aysel Nazim qızı

2. Bayramova Çəmən İlqar qızı

3. Bayramova Zülfiyyə İlqar qızı

4. Əliyev Rafiq Vaqif oğlu

5. Əliyeva Türkan Fikrət qızı

6. Əsədov Rəşad Mübariz oğlu

7. Hacıyeva Samirə Həsənbala qızı (Mingəçevir)

8. Həsənov Nahid Əsgər oğlu

9. Qarayev Şahin Yaşar oğlu

10. Quliyeva Aynur Tofiq qızı

11. Qurbanov Rəşad Arif oğlu

12. Mahmudova Hicran Əli qızı

13. Mahmudova Zülfiyyə Əli qızı

14. Mikayılov Ariz Akif oğlu

15. Sadıqlı Tural Rafail oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə