İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın iştirakı ilə Xaçmaz rayonunda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə dinləmələr keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti və bələdiyyələrin, məhkəmə, polis, prokurorluq orqanlarının yerli şöbələrinin, həmçinin digər qurumların nümayəndələri iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ötən müddətdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, hüquq sistemində də köklü islahatlar aparılır. Natiq Ombudsman təsisatının səmərəli hüquqi mexanizm kimi fəaliyyətini yüksək qiymətləndirdi. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxışında prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən və uğurla həyata keçirilməkdə olan insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəalarından bəhs edib, Proqramın ölkə Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş və artıq gercəkləşdirilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olduğu vurğulanıb.
Qeyd olunub ki, nəzərdə tutulan vəzifələrin icrası perspektivlərinin müzakirəsi məqsədilə millət vəkillərinin, müvafiq dövlət orqanlarının, vətəndaş cəmiyyətinin və KİV nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil edilib. Həmçinin proqramın təbliği ilə bağlı ayrı-ayrı dövlət strukturlarında müzakirələr keçirilib. Müvəkkil Proqramın icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışdı, proqramda qanunvericiliyin insan hüquqları baxımından təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının mexanizmləri və digər məsələlər ətrafında söhbət açıb. Müzakirələrdən sonra dinləyicilərin sualları cavablandırıb. Ombudsman Quba və Qusar rayonlarında da ictimai dinləmələr keçirəcək.
Emin Kərimov, Xaçmaz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB