Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda geniş qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur. SİA-nın məlumatına görə, yubiley tədbirləri çərçivəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəblərinin şagirdlərinin iştirakı ilə əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məktəblilər üçün daha maraqlı və yaddaqalan olması üçün onun keçirilmə məkanı Xəzər dənizinin Bakı buxtası seçilib. Məktəblilər əvvəlcə Dənizkənarı Milli Parkda "Yaxt-kluba" gəlmiş, burada "Vətən" gəmisinə minərək Bakı buxtasına səyahətə çıxıblar. Qeyd edək ki, onların bir çoxu ilk dəfə idi ki, belə gəzintiyə çıxırdılar.
Gəminin göyərtəsində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş foto, kitab və nəşlərin, həmçinin rayon məktəblilərinin rəsmlərinin, müxtəlif materiallardan hazırlanmış əl işləri, inşa yazı nümunələrinin nümayiş olunduğu səyyar sərgi ilə tanış olublar.
Məktəblilər qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.
Məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, Azərbaycanımıza həsr olunmuş şer və mahnılarla, bədii kompozisiyalarla çıxış etmiş, Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Bakı buxtasında keçirilən dəniz gəzintisi zamanı məktəblilər və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, "Kristall-Xall" zalını, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər.
Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB